Xocalı soyqırımı – insanlığa qarşı amansız terror...!


Digərləri 26 Fev 2020 16:57:00 109 0

Xocalı soyqırımı – insanlığa qarşı amansız terror...!

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Son.az AZƏRTAC-a istinadən Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Xocalı soyqırımı ilə bağlı hazırladığı yazını təqdim edir.

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Kiçik bir tarixi haşiyə

XX yüzildə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində "Dənizdən-dənizə böyük Ermənistan" planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan görkəmli ədib Ömər Faiq Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə, bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar". Bax, bu idi tarixən məkrli erməni niyyəti azərbaycanlılara qarşı. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Babalarımız demişkən "Qarı düşmən, dost olmaz", ona yalnız layiq olduğu cavabı vermək lazımdır.

Xocalı faciəsinə gedən yol

Artıq qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.

Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Xankəndində ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb.

Az qala yüz ildir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilirlər. Məhz bu səbəbdəndir ki, tarixdə baş verməyən bir olayı dünyanın bəzi dövlətləri "erməni soyqırımı" kimi tanıyırlar. Bununla fərqində olmaq istəmirlər ki, tarixin özünə böhtan atmış olurlar, əsl həqiqətlərə çirkab don geyindirilər.

Əliyalın insanların Xocalı sevgisi

Səbri tükənmiş əhali meydanı tərk etmirdi, hamı hücum əmrini gözləyirdi. Əgər bu əmr verilsəydi, nəinki könüllü dəstələrin döyüşçüləri, hətta əliyalın sakinlər belə çomaqla olsa da, Əsgəran üzərinə yeriyəcəkdi. Çünki artıq səbir kasası dolmuşdu, insanlar yağı düşmənə cavab verilməsinin vaxtı çatdığını anlayırdılar. Fevralın 25-də səhər tezdən meydana toplaşan camaat xoş bir müjdə gözləyirdi - nəhayət, Əsgərana hücum edilərək Xocalı azad olunacaq. Amma...

Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq zorunda qoydu bizləri. Elə həmin gün Ağdam bir-birinə dəydi. Əsgəran istiqamətinə axışan könüllü əsgərlər, əliyalın camaat ermənilərin vəhşicəsinə Xocalı üzərinə yeridiyindən xəbər tutan kimi soydaşlarımızın dadına çatmağa, onları ölümün pəncəsindən xilas etməyə çalışırdılar. Bütün cəbhə xətti boyunca səpələnmiş insanlar müxtəlif istiqamətlərdə Xocalıdan qaçıb-qurtara bilmiş sakinlərə köməyə tələsirdilər. Bəlkə də bu axın olmasaydı, Xocalıdan heç kəs sağ çıxa bilməyəcəkdi.

Xocalı soyqırmının yetişməsi

Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-cı ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvarın 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.

Xocalı soyqırımı - qanlı gecə

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq "Qrad" və "Alazan" tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, "Donuzçuluq ferması" deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, gümbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: "Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır".

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir...!