Polad Aslanovu kimlər “siyasi məhbus” etmək istəyirlər? “Ultraliberalların” başındakı “əmmamə” FOTO


Siyasət 26 Fev 2020 12:40:00 122 0

Polad Aslanovu kimlər “siyasi məhbus” etmək istəyirlər?  “Ultraliberalların” başındakı “əmmamə”  FOTO

Son vaxtlar Polad Aslanov məsələsi üzərindən Azərbaycan dövlətinə qarşı kampaniyanın aparılması cəhdləri müşahidə olunur. Adıçəkilən şəxs Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılsa da, onun bağlı olduğu şəbəkə fəaliyyətini davam etdirir. 

Son.az demokrat.az-a istinadən xəbər verir ki, bu şəbəkənin ən fəal üzvü qismində Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova çıxış edir. Doğrudur, Gülmirə Aslanovanın həyat yoldaşının müdafiəsinə qalxması ailə münasibətləri kontekstində təbii görünə bilər, lakin Aslanovlar ailəsinin regionun dini-klerikal dairələrinə bağlı olması və Azərbaycanda məhz bəlli dairələrin tapşırığı ilə fəaliyyət göstərməsi məsələni bu kontekstindən kənara çıxarır. Proseslərin inkişafı ortada incəliklə həyata keçirilən planın mövcudluğu fikrini hər keçən gün daha da güclənir. 

Əsas ipucu Gülmirə Aslanovanın yazdığı son statuslardır. O əvvəlcə yazır ki, DTX-nın məsul şəxsləri onu qəbul etməsə, təhlükəsizlik orqanının inzibati binasının önündə aksiya keçirəcək. Ardınca aksiya gününü da təyin edir və bildirir ki, sabah - fevralın 26-da DTX-nın  önündə "bayram tonqalı" yandıracaq, yəni etiraz aksiyası təşkil edəcək.

Gülmirə Aslanovanın məqsədi diqqəti üzərinə cəmləşdirmək və Polad Aslanovun "siyasi məhbus" kimi tanınmasını təmin etməkdir. Ən maraqlı məqam bu prosesdə ona kimlərin dəstək verməsidir ki, sosial şəbəkə hesabında paylaşımlarına nəzər yetirmək bunu anlamağa imkan verir.

Müşahidələr göstərir ki, Polad Aslanovun "siyasi məhbus" kimi tanıdılması prosesinə Qərb təşkilatları ilə yaxşı əlaqələri olan, bir çox hallarda xarici dairələrin ruporu rolunu oynayan Xədicə İsmayıl və dəstəsi dəstək verirlər. Misal üçün, bu dəstənin ən fəal üzvlərindən olan AXCP üzvü Fatimə Mövlamlı Gülmirə Aslanovanın aksiyasını işıqlandırmağa köməklik göstərəcək. Aslanovanın aksiya elanına Fatimə Mövlamlını da əlavə etməsindən bu aydın olur. 

Məlumatlara görə, Xədicə İsmayılın dəstəsi artıq Qərbdəki təşkilatlara dövlətə xəyanət ittihamı ilə saxlanılan Polad Aslanovu "siyasi məhbus" kimi təqdim edir. 

Burada bir-birinə zidd iki şəbəkənin Azərbaycana qarşı ortaq hərəkəti diqqət çəkir.

Bir tərəfdə Qərbin "liberal dəyərlərini" təbliğ edən, faktiki olaraq, xarici dairələrə bağlı şəbəkə, digər tərəfdə, "liberal dəyərlərə" qarşı çıxan teokratik rejimin uzantıları olan şəbəkə. Hər iki şəbəkə Azərbaycana qarşı növbəti kampaniyanı hazırlayırlar.

Birinci şəbəkənin marağı Azərbaycanın adının daha bir "siyasi məhbus" qalmaqalında hallanmasına nail olmaq, beləliklə, Qərbdəki anti-Azərbaycan dairələrinin onların qarşısında qoyduğu missiyanı yerinə yetirməkdir.

İkinci şəbəkənin cari məqsədi isə Polad Aslanovun Qərb təşkilatları tərəfindən "siyasi məhbus" kimi tanıdılması və azad olunmasına nail olmaq, uzaq perspektivdə isə Aslanov kimilər üzərindən qurulan və bölgənin dini-klerikal dairələrinə bağlı dəstənin de-şifrə olmasının qarşısını almaqdır.

Burada Polad Aslanovun kimliyinin açıqlanmasına yenidən zərurət yaranır. 

Polad Aslanov "Xeberman" və "Press-az" informasiya saytlarının təsisçisi və baş redaktoru olub. Rəhbəri olduğu saytlarda bölgənin, konkret olaraq, qonşu ölkənin dini dairələrinin maraqlarının müdafiəsini təşkil edib. Həmin dairələrlə təmaslar qurmaq və tapşırıqlar almaq üçün mütəmadi olaraq ölkəni tərk edib və geri qayıdıb. Onun bağlı olduğu dini dairələrin təsir gücünü artırmaq və bu qüvvələrə işləyən şəbəkəni genişləndirmək üçün müxtəlif insanlara pul təklif etdiyi, yaxud şantaj və təhdid etdiyinə dair faktlar var.

Sual yaranır, "Qərb dəyərlərinə" sadiqliyini hər fürsətdə bəyan edən Xədicə İsmayıl və dəstəsi dini-klerikal dairələrə bağlı olan və teokratik rejimin müdafiəçisi kimi çıxış edən Polad Aslanovu niyə müdafiə edir, onun "siyasi məhbus" kimi tanınmasına çalışır?!

Məsələ, yuxarıda qeyd etdiyimiz kimi, birinci şəbəkənin təkcə Azərbaycana qarşı növbəti "siyasi məhbus" qalmaqalı yaratmaq niyyəti ilə yekunlaşmır. Ortada bölgədən Avropaya qədər uzanan mürəkkəb şəbəkənin izləri görünür. Son dövrlər Avropada "siyasi mühacir" adı altında yaşayanlar arasında Polad Aslanovun müdafiəçilərinin sayının artması da diqqət çəkir. Vaxtilə dini-klerikal dairələrə bağlı media orqanlarında çalışan, daha sonra Almaniyaya mühacirət edən Azər Kazımzadənin xüsusi canfəşanlığı bu qəbildən olan nümunələrdəndir. 

Bu prosesin davamı kimi görünən Xədicə İsmayılın dəstəsinin Polad Aslanov məsələsində aktivlik nümayiş etdirməsi bir neçə versiyanı gündəmə gətirir:

Birincisi, "siyasi məhbus" şəbəkəsi "muzdlu qatil" kimi işləyir, yəni onlar üçün sifarişin kimdən gəldiyi yox, nə qədər qazanacaqları maraqlıdır.

İkincisi, bölgədəki dini-klerikal dairələr öz şəbəkələrini xilas etmək üçün Qərbin əli ilə Azərbaycana təzyiq etmək istəyirlər.

Görünən mənzərə isə budur ki, mövzu Azərbaycana qarşı hücum olanda "ultra-liberallarla" "başı əmmaməlilər" asanlıqla birləşirlər.