Virusa yoluxanlar


Digərləri 26 Fev 2020 12:41:00 150 0

Virusa yoluxanlar

Yunus Oğuz Felyeton

Koronovirus gəzə-gəzə bizə doğru gəlir.

Bah, gör üstümüzə kim yox ha, nə gəlir?

Virus!

Xox! Qorxduq...

Qorxuruq, yoxsa qorxmuruq? Ehtiyatı əldən veririk, ya vermirik? A kişi, nə qorxmaq, nə ehtiyat? Biz heç Allahımızdan qorxmuruq,  yerdə olan kimdən (yox, deyəsən yerdə olan kimdən qorxuruq) qorxmuruq, onda qalmışdı ki, virusdan qorxaq. Sadəcə olaraq   tez küyə düşənik. Küyə düşəndə də əl-ayağımız dolaşır, özümüzü tez itiririk. Şükürlər olsun ki, bu axsaqlıq bizdən çox sürətlə ötüb keçir.

Biz virusdan niyə qorxaq ki? Bax, beş qəpiklik maskanın qiymətini (Allahdan qorxmurlar da) qaldırıb qoydular minbər başına. Apteklərə də girirsən, gözünü o saat  bu elan deşir: "Maska yoxdur". İndi heç kimin  gözünə canan-zad görünmür, ancaq maska görünür, o da qəhətə çıxıb. Apteklərdə maska yoxdur, şəhərə çıxırsan bir nəfər maskalı görəsən, ya görməyəsən... Bəs deyirdiz qorxuruq? Yox, aşna, biz qorxub - eləyən deyilik. Biz qorxmayıb eləyənlərdənik, nöşün ki, qorxan gözə çöp, buruna isə virus düşər.

Sadəcə olaraq, bizdə maskalara məhəbbət yaranıb. Buna da səbəb, bunun da günahı o milli televiziyalarımızdadı. O gün xalqın ürəyindən tikan çıxardan süjetdə qara maskalı oğlan məmuru nə təhər qapazdayıb, heç  peysərindən  də  yapışmadı "əngirboy" eyləyib göndərdisə  "qoduqluğa", ta ondan sonra ərə getməyən qızlar ağ atlı- zad yox,  qara maskalı xilaskarı gözləyirlər.  Az qalır ona "Zorro" desinlər. Burada siz "qoduqluq" deyəndə başqa bir şey düşünməyin, ha. Elə bilərsiz ki, qara maskalı aparıb onun cah-cəlallı eşşək fermasına ki, bəs heyvanları saysın. Yox canım, "qoduqluq" deyəndə, yəni içəri- "dörd barmaq"lıq arxasına atıb.

Gördüz, bir anın içində qara maskalıya necə məhəbbət yarandı? Yoxsa, siz də deyirsiz ki, xalq virusdan qorxur, beş-beş, on-on maska alır. İndi hamı oturub televizor qarşısında gözləri ilə ekrandan qara maskalı axtarır. Elə ki, ekranda qara maskalı göründü, istər ağ olsun, istər qara, hamı bir nəfər kimi ona dəstək olmaq üçün maskalarını geyinəcək və bir ağızdan deyəcək ki: "Qadan alım, xilasımız, nicatımız səndədir. Bəs bu neçə illərdir, hardaydın? Gəl qadan alım, gəl başına dönüm".

Görürsüz xalq öz qəhrəmanını necə sevirsə, maskalar qəhətə çıxır. Mən hələ "Torqovı"da ərəblərin üstünə qaçan "maska"ların necə qəhətə çıxdığından yazmıram. Onları da şanlı polisimizin qara maskalı oğlanı qəhətə çıxardıb. Əsl virus "Torqovı"dakı "maska"lar idi. Üz qaraldan, göz qapadan, könül bulandıran virus "maska"lar.

Bir dəfə felyetonumun birində yazmışdım ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Çörək pulunu daşdan, palçıqdan, nə bilim aydan, ulduzdan çıxara bilər. Şəraitini yaradın, durun qıraqda baxın. Görün nə xarüqələr yaradır bizim istedadlı, kreativ, hər şeyə pul prizmasından yaradıcı baxan xalqımız.

Di baxın, maskaların qiymətinə. Maya dəyəri üç qəpiyə başa gələn tənzifin böyrünə də sapdan qulağa keçirilən ip 50 qəpiyə. Özü də bu möhtəkir, dəllal "musla"larımız əvvəlcə piar, təşviş yaradır, sosial şəbəkəni işə qoşub hay-küy salırlar, sonra isə qiymətləri kəllə-çarxa qaldırırlar. Bizdə də məsələ belədü də "bir kərə qalxan qiymət, bir daha enməz".