“Netflix”in ən çox sevilən layihələri 73 milyon insan baxıb


Digərləri 25 Fev 2020 20:04:00 179 0

“Netflix”in ən çox sevilən layihələri  73 milyon insan baxıb

Dünyanın ən böyük onlayn serial və film platforması olan "Netflix" son aylar Azərbaycanda populyar olmağa başlayıb.

Onlayn proqramda öz istehsalı olan layihələrə maraq daha çoxdur. Elə bu səbəbdən "Netflix" 2018-ci ildə özəl seriallar üçün 12 milyard, 2019-cu ildə isə 15 milyard dollar xərcləyib.

Platformada yerləşdirilən ekran işlərinin reytinq nəticələrini açıqlamayan şirkət bəzi hallarda məlumatları izləyiciləri ilə bölüşür. Maraqlıdır ki, "Netlix"də "Youtube" sosial şəbəkəsindəki kimi hər videonu izləyən zaman baxış sayı artmır. Reytinqlər hesab sahibinin ekran işinin 70 faizini izlədikdən sonra müəyyənləşdirilir.

1997-ci ildən fəaliyət göstərən şirkət öz filiallarını qapalı olan Səudiyyə Ərəbistanı, hətta Pakistanda belə açıb. Lakin Suriya, İran, Çin, Şimali Koreyada şəbəkəyə giriş bloklanıb.

Bundan əlavə, tez-tez sosial şəbəkədə ""Netflix"də nə izləmək olar?" kimi suallara da rast gəlmək mümkündür. 

Son.az qafqazinfo-ya istinadən oxucular üçün platformanın ən reytinqli ekran işlərini təqdim edir:

"The Haunting Of Hill House" (Təpədəki ev) adlı ekran işi qorxu janrında çəkildiyi üçün bir çox tamaşaçının ürəyinin getməsi və qusması ilə nəticələnib. Xəstəxanalardan verilən rəsmi məlumatlara əsasən, vətəndaşlar sözügedən seriala baxdıqdan sonra bu cür problemlə üzləşiblər. Lakin bu kimi mənfi hallar "Təpədəki Ev"in reytinqini daha da yüksəldib. Qeyd edək ki, layihə Shirley Jacksonun romanından ilhamlanaraq çəkilib.

"13 Reasons To Die" (Ölmək üçün 13 səbəb) ilk iki sezonunda böyük reytinqə sahib  olub. "Netflix"in açıqlamasına əsasən, ekran işinin ikinci sezonunun birinci bölümü ilk 4 gündə 6, 1 milyon insan tərəfindən izlənilib. Hazırda serialın üçüncü sezonunun çəkilişləri davam edir.

80-ci illərdə zorlamada ittiham olan günahsız 5 zəncinin həyat hekayəsindən bəhs edən "When They See Us" ABŞ-da ən çox izlənən serial olub. Real həyatdan götürülən ekran işi 23 milyon baxış toplayıb. Serial elə səs-küy yaradıb ki, o dövrdə cinayət işi ilə məşğul olan prokuror Kolumbiya Hüquq Məktəbindəki işindən istefa etməyə məcbur olub.

Növbəti rekordlara imza atan serial isə "Stranger Things"dir. Ekran işinin ilk bölümü üç günə 15, 8 milyon baxış toplayıb. Layihənin hazırda 3-cü sezonu yayımlanıb və 40 milyondan çox izləyici toplayıb.

Azərbaycanda kifayət qədər populyar olan "Sex Education" serialının 8 seriyalıq ilk sezonu böyük uğura imza atıb. "Netflix"in açıqlamasına görə, ilk 4 həftədə 40 milyondan çox baxış toplayacığı ehtimal olunur. Bu səbəbdən ilk sezonun yayıma çıxmasından 20 gün sonra ikinci sezonun çəkilişlərinə başlanılması barədə göstəriş verilib. Hazırda ekran işinin üçüncü sezonunun çəkilişləri gedir.

Platformanın növbəti uğur qazanan serialı "You"dur. Ekran işi ilk 4 həftədə 40 milyon insan tərəfindən izlənilib.