Azərbaycanın üzv olduğu maliyyə təşkilatları Moldovada trolleybus sistemini yeniləyəcək


İqtisadiyyat 25 Fev 2020 16:41:30 128 0

Azərbaycanın üzv olduğu maliyyə təşkilatları Moldovada trolleybus sistemini yeniləyəcək

Bunun üçün 1,2 mln avroluq qrant ayrılıb

© google.az

Avropa İttifaqının (Aİ) ən böyük donor təşkilatı olan “Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq” (Eastern Europe Energy Efficiency and Environment Partnership – E5P) təşkilatı Moldovanın Belsi (Balti) şəhərinə trolleybus sisteminin yenilənməsi üçün 1,2 mln avroluq qrant ayırıb.

“Report”un məlumatına görə, bundan əvvəl eyni layihə üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2,5 mln avro dəyərində kredit ayırmışdı.

Bu vəsaitlər hesabınaölkənin ikinci böyük şəhəri olan Belsi üçün 10 ədəd yeni trolleybus alınacaq. Qrant sazişi ötən gün EBRD-nin Modova nümayəndəliyinin rəhbəri Anjela Saks (Angela Sax), E5P-nin əsas fondlar üzrə məsul meneceri Eva Manik (Ewa Manik), Belsi şəhərinin meri Renato Usatti və Belsi Trolleybus Şirkətinin direktoru Sergey Avramenko (Serghei Avramenco) tərəfindən imzalanıb.

Yeni trolleybuslar elektrik enerjisi ilə işləyəcək və batareyalardan istifadə edəcək ki, bu da nəqliyyat vasitələrinin naqillərdən istifadə etmədən uzaq ərazilərdə hərəkət etməsinə imkan yaradacaq.

Xatırladaq ki, 220 mln avroluq multi-donor fondu olan E5P İsveçin təşəbbüsü ilə 2009-cu ildə yaradılıb və Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərir.

EBRD Azərbaycanda aparıcı investorlarından biridir və indiyədək müxtəlif sektorlara təxminən 3,3 mlrd avrodan çox investisiya yatırıb. Onlar enerji, infrastruktur, bankçılıq, sənaye və kommersiya sahələridir.