"İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək"


Digərləri 25 Fev 2020 14:10:00 143 0

"İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək"

Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya ilə siyasi və iqtisadi dialoq ən yüksək səviyyədədir. İtaliya ilə Azərbaycan arasında illərin sınağından çıxan siyasi, iqtisadi, mədəni və elm sahələrində əməkdaşlıq bu gün digər Avropa ölkələri üçün örnək sayıla bilər.

Son.az xəbər verir ki, bunu Trend-ə millət vəkili Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin bu günlərdə İtaliyaya uğurlu səfəri hər iki ölkə arasında münasibətlərin, əlaqələrin, əməkdaşlığın inkişafında yeni səhifə açdı:

"Üç Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə malik İtaliya kimi etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq ölkəmizin Avropada nüfuzunun, strateji rolunun artmasında da mühüm əhəmiyyət kəsb edəcək. Səfəri zamanı siyasi, müdafiə, iqtisadi-ticarət, kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrinin əməkdaşlığına dair 28 sənədin imzalanması, müzakirə olunan məsələlər Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ölkələrimiz arasında yeni perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Ölkə Prezidenti İlham Əliyevin İtaliyaya səfəri həm də onu göstərdi ki, İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də neft və qaz sahəsində məhdudlaşmır. 2020-ci ilin İtaliyada "Azərbaycan Mədəniyyət İli" elan olunması da mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi xüsusi olaraq vurğulamaq olar".

P.Kərimzadə əlavə edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü də Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə olduğuna daha bir nümunə oldu:

"Qürurverici məqam ondan ibarətdir ki, görüş zamanı Papa Fransisk xüsusi ilə ictimai-siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdə həyata keçirilən daxili, xarici siyasəti yüksək dəyərləndirib.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanınır, bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik hökm sürür. İtaliyaya rəsmi səfər zamanı mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görülməsi ölkəmiz bu gün dünyaya tolerantlıq və birgəyaşayış nümunəsi təqdim etdiyinin daha bir nümunəsi olub".