Ekspert: “SOCAR neftlə çirklənmiş torpaqların rekultivasiyasında əvəzsiz rol oynayır” - ŞƏRH


İqtisadiyyat 25 Fev 2020 11:00:00 143 0

Ekspert: “SOCAR neftlə çirklənmiş torpaqların rekultivasiyasında əvəzsiz rol oynayır” - ŞƏRH

Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaqların mərhələləli olaraq rekultivasiyası həyata keçirilir. Bəs bu zaman hansı rekultivasiya üsullarından istifadə olunur və həmin torpaqların istifadəyə qaytarılmasına nə dərəcədə nail olunur?

Fərhad Sadıqov

Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaqların mərhələləli olaraq rekultivasiyası həyata keçirilir. Bu zaman hansı rekultivasiya üsullarından istifadə olunur və həmin torpaqların istifadəyə qaytarılmasına nə dərəcədə nail olunur?

Bu barədə "Report"a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların rekultivasiya laboratoriyasının rəhbəri, dosent Fərhad Sadıqov SOCAR-ın təmizlədiyi torpaqların əksəriyyətində rekultivasiyanın mexaniki üsulundan istifadə olunduğunu deyib:

"Diqqətə çatdırmaq istərdim ki, respublikanın neftlə çirklənmiş sahələrinin ən böyük ərazisini Abşeron yarımadası təşkil edir. Burada 10 min hektarlarla neft və neft məhsulları ilə çirklənmiş torpaqlar var. Buna görə də həmin torpaqların rekultivasiyası məsələsi hər zaman aktual olaraq qalır. Bu gün dünyada rekultivasiyanın 25-dən çox üsulu bilinir ki, bizdə bunların yalnız 6-7-nə ehtiyac yaranır. Burada vacib məqam neft və neft məhsullarının hopma dərinliyidir. Bundan asılı olaraq, hər bir hektarın təmizlənməsinə sərf olunacaq vaxt və bu işə çəkiləcək xərc müəyyən olunur. Məsələn, Bibiheybət Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində 100-lərlə hektar torpaqlar rekultivasiya edildi. Həmin torpaqlarda 150-200 il ərzində toplanmış və bəzi yerlərdə 2,5 metr dərinliyə kimi hopmuş neft və neft məhsullarının qalıqları vardı. Bu gün həmin ərazilərə baxanda əvvəlki mənzərədən əsər-əlamət qalmayıb. Buruqların ətrafı tamamilə təmizlənib, yaşıllıqlar salınıb, gələcəkdə parkların salınması nəzərdə tutulub. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin böyük əməyi var və bu danılmaz bir faktdır".

Onun sözlərinə görə,SOCAR-ın təmizlədiyi torpaqların əksəriyyətində rekultivasiyanın mexaniki üsulundan istifadə olunur. Bu üsulla torpaq təmizlənir, karbohidrogenlərin hamısı məhv edilir, yerdə qalan sahələri isə bioloji və fitomeliorativ üsullardan istifadə etməklə kənd təsərrüfatı üçün yararlı hala gətirmək olur. Bu yerdə Bibiheybət NQÇİ-yə bir daha qayıdaraq bildirim ki, orada rekultivasiya olunan ərazilərdə əsas etibarı ilə dekorativ ağaclar əkilib. Lakin həmin torpaqlar bar verən ağacların əkilməsi üçün belə yararlı olacaq dərəcədə dərin rekultuvasiya tədbirlərinə məruz qalıb. Həmin yaşıllıq zonası bu gün və ələlxüsus gələcəkdə paytaxtın ekoloji tarazlığının təmin olunmasında əhəmiyyətli rola malik olacaq".

Ekspert hesab edir ki, neçəki istehsalımız, neft sənayemiz var torpaqların az miqdarda da olsa, neftlə çirklənməsi olacaq və bu qaçılmaz prosesdir: "Sadəcə olaraq, neft və neft məhsulları ilə çirklənmə az dərəcədə olacağı üçün artıq mexaniki yox, daha sadə rekultivasiya üsullarından istifadə olunacaq ki, bu da vəsaitlərə və vaxta qənaət deməkdir. Sonda vurğulamaq istərdim ki, laboratoriyamızda neftlə çirklənmiş torpaqların rekultivasiya üsullarının təkmilləşdirilməsi, dəqiqləşdirilməsi və onların istifadəyə qaytarılması üzrə tədqiqat işləri aktiv şəkildə davam etdirilir”.