Bakıda güclü külək əsəcək


Digərləri 24 Fev 2020 13:29:00 138 0

Bakıda güclü külək əsəcək

25 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralda 25-də gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Fevralın 25-i gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.