"Dedi ki, atanın vəzifədə olduğunu heç vaxt bizə hiss etdirmədin" Keçmişdəki mən FOTO


Digərləri 23 Fev 2020 23:10:00 140 0

"Dedi ki, atanın vəzifədə olduğunu heç vaxt bizə hiss etdirmədin"  Keçmişdəki mən  FOTO

Sevda Tahirli: "O gündən sonra kimsə mənə "bacarıqsız şəhər uşağı" kimi baxmadı" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, yaşanan an, zaman keçdikdən sonra əsil dəyərini bizə tanıdır. Onu geri qaytarmaq mümkün olmadığından, barmaqlar arasından su kimi boşuna süzülüb gedə bilir. Ona görə, əllərində ikən o anı dəyərləndirmək gərəkdir. 

Müsahibimiz Bakı Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlidir.

S.Tahirli 1961-ci ildə Bakı şəhərində anadan olub, elə uşaqlığı, gəncliyi də bu şəhərdə keçib.

Uşaqlıq illərindən danışanda, Sevda xanım əsasən baxça dövrünü xatırladığını deyir. Həmin dövrü onun üçün yaddaqalan edən səbəblər var: "Yadımdadır ki, baxçaya getməyi çox istəyirdim. Çünki başqa uşaqların getdiyini görürdüm və mənə maraqlı gəlirdi. Çox israr etdiyim üçün valideynlərim məni də baxçaya qoydular. Həqiqətən də maraqlı bir dövr oldu. Baxça ilə bağlı bir neçə təəssüratım var ki, hələ də ağlımdadır. Onlardan həyatımda böyük rolu olanı qeyd etmək istəyirəm. Deməli, anam uşaq ədəbiyyatı mütəxəssisi olduğuna görə, mənə çox sayda  uşaq şeirləri, poemalar öyrətmişdi. 6 yaşım olanda, radiostudiyadan gəlib baxçada səsimi yazmışdılar. O zaman Sabir Məmmədovun "İtmiş açar" poemasını əzbər bilirdim. Mən o poemadakı 7-8 personajın hər birini fərqli səs və intonasiya  ilə radio üçün səsləndirdim. Məktəbdə oxuduğum zaman uşaq verilişlərində o ifamı tez-tez eşidirdim. Sonra baş qarışdı, nə yadıma düşdü, nə də hardasa eşitdim. 30 yaşım olardı, səhər hazırlaşıb işə gedirdim, radio da açıq idi. Birdən həmin poemanı  eşitdim. Tez anama zəng vurdum. Anam demək olar ki, bütün günü radionu açıq saxlayırdı. Dedim ki, radion açıq idi? Dedi ki, hə, sənin poemanı deyirdilər. Dedim ki, ana, o mən idim. O da cavabında "Ola bilməz, 30 il sənin səsini saxlamazlar" söylədi. Dedim ki, mən intonasiyamı tanıyıram. Sonra radiodan maraqlandıq, dedilər ki, biz həmin ifanı  tez-tez veririk ki, səsin sahibini tapaq, dinləyicilərlə tanış edək. Radioya dəvət etdilər. Haqqımda bir veriliş də hazırladılar. Dedilər ki, səsiniz radio formatına uyğundur, bəlkə bizimlə əməkdaşlıq edəsiniz? Beləliklə, bir müddət radioda uşaq verilişləri üçün materiallar hazırlayırdım və oğlumla birgə onları səsləndirirdik".

Dedim ki, mütləq kimyaçı olacağam

Baxçadan sonra məktəbə gedir. Deyir ki, bütün fənləri yaxşı oxuyurmuş. Ona görə, ixtisas seçimi zamanı çətinliklə üzləşir: "Bütün fənləri sevirdim və yaxşı oxuyurdum. Məktəbi qızıl medalla bitirmişəm. Rəsmxət keçirdik, müəllimimiz israr edirdi ki, sən mütləq rəsmxət ardınca get, səndə çox gözəl alınır. Digər fənn müəllimlərim də elə. Ona görə, ixtisas seçmək çətin oldu. 5-6-cı siniflərdə o qənaətdə idim ki, jurnalist olacağam. Yaradıcılığı sevirdim, evə verilən tapşırıqlara da öz yaradıcılığımı qatırdım. 7-ci sinifdə kimya keçməyə başladıq və mən bu fənnə vuruldum, dedim ki, mütləq kimyaçı olacağam".

Biologiyaya yönəlməsində isə bu fənni tədris edən müəllimin və baxdığı filmin təsiri olur: "Biologiyanı da sevirdim, yaxşı oxuyurdum. Tahirə adlı biologiya müəllimimiz var idi. Günorta dərsim bitirdi, həmin müəllim mənə deyirdi ki, get yeməyini ye, gəl, ikinci növbədə aşağı siniflərə biologiya dərsi keçəcəksən. Botanika, zoologiyadan özümdən aşağı siniflərə dərs keçirdim. Deyirdi ki, həm uşaqlardan ev tapşırığını soruş, həm dərsi izah elə, həm də jurnala qiymət yaz. Müəllim harasa getmirdi, sinifdə olurdu, dərs prosesini idarə etməyimi kənardan izləyirdi. Bəlkə elə o zamanlar  mənim beynimə dərs demək prosesinin lövbərini atırdı. Müəllim olduğum dönəmdə auditoriyaya qorxu ilə deyil, məsuliyyətlə girirdim.

Amma yenə də biologiyaya yönəlməyə qərar verməmişdim. 10-cu sinifdə respublika üzrə yazı müsabiqəsində hər məktəbli kimi mən də iştirak etdim və qalib oldum. Ədəbiyyat müəllimim Elmira xanım dedi ki, gözəl qələmin var, niyə ədəbiyyata getmirsən? Həmin il biologiyadan da olimpiada keçirilirdi, onun da qalibi oldum. Bu dəfə də Tahirə müəllim dilə gəldi, dedi ki, çox heyf səndən. Dedim ki, niyə heyf? Cavab verdi ki, sən biologiyaya getsən, qələmin də var, gözəl tədqiqatçı olardın. Beynimdə tərəddüd yaranmışdı. Həmin dönəmdə SSRİ-də populyar olan "Açıq kitab" filmini izlədim. Film o qədər xoşuma gəldi ki, atamdan o filmin kitabını kitabxanadan gətirməyini  xahiş etdim. Kitabı da  maraqla oxudum. Film bioloqlardan bəhs edirdi. Məndə elə təəssürat yarandı ki, biologiya sahəsində kəşf olunmayan bütün yeniliklər məni gözləyir və mən bioloq olmalıyam".

Ailə onun həkim olacağını gözləyirmiş...

Ancaq ailədə hamı gözləyirmiş ki, S.Tahirli həkim olacaq. O isə bu dəfə biologiya ilə kimya arasında seçim etməkdə çətinlik çəkir: "Kimyanı çox gözəl bilirdim, biologiyaya da hədsiz sevgim var idi. Evdəkilərdə fikir formalaşmışdı ki, Tibb Universitetində təhsil alacağam. Çünki qızıl  medala namizəd idim. O vaxt belə qayda var idi ki, orta məktəbi qızıl medalla bitirmiş şagirdlər Tibb Universitetinə sənəd verdikdə "Əla" qiymət alsalar, digər fənlərdən imtahan verməkdən azad olurdular və universitetin tələbəsi hesab edilirdilər. Atamın gözündə problemləri var idi, fikirləşirdi ki, göz həkimi olacağam, anam stomatoloq olmağımı istəyirdi. Mən isə hələ də qərarsız idim. Həkimliyi artıq düşünmürdüm, kimya ilə biologiyanın arasında qalmışdım. Bakı Dövlət Universitetində təhsil almaq istəyirdim, ancaq orda kimya və biologiya fərqli fakültələr idi, ona görə, kimya-biologiya fakültəsi olan Pedaqoji Universiteti seçməli oldum. Düşündüm ki, 5 il oxuyaram  və bu müddət ərzində də hansı sahəyə yönələcəyim barədə doğru qərarımı verərəm".

Hansı sahəyə yönəlməklə bağlı qərarı isə təhsilini başa vurduqdan sonra verir: "Sevinirəm ki, o vaxt ilkin olaraq doğru qərar verib, iki sahənin bir yerdə olduğu fakültəni seçdim. 5 il bu istiqamətdə təhsil aldım. Məktəb illərində fəal idim. Universitetdə də bu fəallığım davam etdi. Kimya və biologiya üzrə Ümumittifaq olimpiadalarında iştirak edirdim. Kimya ilə bağlı tələbələrin Respublika elmi konfransları keçirilirdi. Orada da kimyadan sərbəst elmi-tədqiqatlarım barədə çıxışlar etmişəm, diplomlar qazanmışam.  Diplom işim belə üzvi kimya ilə bağlı olmuşdu. Təhsil bitdikdən sonra aspiranturaya girmək üçün əvvəlcə kimya üzrə elmi-tədqiqat institutlarını gəzdim, oradakı tədqiqatlarla tanış oldum və sonra biologiya üzrə institutlara keçdim. Əslində diplom işimi bitki fiziologiyası üzrə götürəcəkdim, amma elə oldu ki, həmin sahə üzrə mənə rəhbərlik edəcək müəllimimdə müəyyən  problemlər yarandı və rəhbərlik etmək alınmadı, ona görə o mövzu qaldı. İnstitutu bitirəndən sonra həmin müəllim dedi ki, çox istəyərdim ki, bitki fiziologiyası sahəsi üzrə gedəsən. Elmlər Akademiyasının Botanika İnstitutunu tövsiyə etdi, getdim, maraqlı gəldi, aspirantura təhsilimi də bu sahə üzrə aldım və fəaliyyətimi bioloq kimi davam etdim. Düşünürəm ki, nə yaxşı o zaman doğru qərar vermişəm".

Dincəlmədən 40 kilo pambıq yığdım