"Bir çoxları fikirləşir ki, burada ağacların üstündə pul asılıb" Peşəkar FOTO


Digərləri 23 Fev 2020 19:59:00 133 0

"Bir çoxları fikirləşir ki, burada ağacların üstündə pul asılıb"  Peşəkar  FOTO

Leyla Bağırzadə: "Nə olacağını düşünmədən Kanadaya gəlmək olmaz" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

"Adətən həkimlər həkim ailəsində yetişirlər. Əslində, bu, çox gözəl ənənədir. Valideynlər həkim kimi öz təcrübələrini övladları ilə də bölüşürlər. Yəni, professional olaraq valideyn övladına yol göstərir. Bizim ailəmizdə isə həkim olmayıb. Anam bir valideyn olaraq mənə yol göstərə bilməyəcək deyə, çox narahat idi. Amma o, özü də ailəmizdə tibb işçisinin olmasını istəyirdi. Çünki hər bir ailənin sağlamlıq suallarını cavablandıran bir "ailə həkimi" olmalıdır".   Bu sözləri bizimlə söhbətində Kanadada həkim-anestezioloq işləyən yeganə azərbaycanlı xanım Leyla Bağırzadəsöylədi. Müsahibim eyni zamanda Amerikada azərbaycanlı həkimləri bir araya gətirən Azərbaycan Amerikan Tibb Assosiasiyasının üzvüdür.   - Ağ xalat geyinmək bir çoxlarımızın uşaqlıq arzusu olub. Amma əksərimiz bunu reallaşdıra bilmirik. Bəs siz həkim olmaq fikrinə nə vaxt gəlmisiniz?

- Uşaqlıqdan həkim olmağı arzu etdiyimi deyə bilmərəm. Bir çox həkimlər uşaq vaxtından bilir ki, böyüyəndə bu sahəyə yönələcək. Mənim isə əvvəldən belə arzum və hədəfim yox idi. Ümumiyyətlə, gələcəkdə hansı sahəyə yönələcəyimlə bağlı fikirləşməmişdim. Məktəbdə oxuyarkən bütün qiymətlərim 5 idi. Bütün fənləri oxuyurdum. Orta məktəbdə isə riyaziyyatçı və ya mühəndis olmaq istəyirdim. Amma elə o vaxtlardan insanlara kömək etməyi çox sevirdim. Xəstə və imkansız insanlara yazığım gəlirdi. Bəlkə də bu xüsusiyyətlərim həkimlik peşəsini seçməyə kömək etdi.   - Həkim olmaq istəməsəniz də, özünüzü bu sahədə tapmısınız. Maraqlıdır, bu yol necə açıldı?

- Əslində həkim olmağımın ən böyük səbəbkarı xalam oldu. O, həmişə ailəmizdən kiminsə sizin dediyiniz o ağ xalatı geyinməyini arzulayırdı. Özünün bir çox xəstəlikləri olduğuna görə istəyirdi ki, kimsə onu müalicə etsin. Həmişə mənə deyirdi ki, sən həkim olub məni sağaldarsan. Böyüdükcə bu peşənin əhəmiyyətini daha da dərindən dərk etməyə başladım. Düşünürdüm ki, bizim ən birinci vəzifəmiz insanlara çətin anlarında kömək etməkdir. İnsan həyatının ən çətin məqamında isə onlara biz həkimlər dayaq oluruq. Məncə, bu, insanlara göstərilən ən gözəl xidmətdir.

- Adətən tibbə yönələnlər təhsillərini Almaniyada almağa üstünlük verirlər. Siz isə magistr təhsilinizi Boston Universitetində almısınız. Seçiminiz niyə ABŞ oldu?

- Əslində bu, öz seçimim olmadı. Tibb Universitetində oxuyarkən başa düşürdüm ki, təhsilimi başa vurandan sonra praktikaya hazır deyiləm. O vaxtlar Azərbaycanda rezidentura yox idi. Ona görə də xarici ölkədə təhsil almaq istəyirdim. O vaxtlar heç bir ölkə tibb üzrə oxumaq üçün geniş şanslar yaratmırdı. Mənim də maddi imkanım yox idi ki, təhsil haqqını ödəyim. Yeganə çıxış yolum hansısa proqram vasitəsi ilə xaricə getmək idi. Həmin illərdə Azərbaycanda cəmi bir neçə təqaüd proqramı var idi. 1999-cu ildə mən üç proqrama qəbul oldum. Bu proqramın heç biri tibb üzrə təhsil vermirdi. Mən yalnız ictimai səhiyyə üzrə təhsil ala bilərdim. Düzü, seçim etməkdə çox çətinlik çəkdim. Amerikanın üstünlüyü Amerika idi. Həmçinin, orada təhsil iki illik müddəti əhatə edirdi. Amma proqram tibb yox, ictimai səhiyyə üzrə idi. İngiltərə və Norveçdəki təqaüd proqramları daha maraqlı idi. Bu proqramlar tibb sahəsinə daha yaxın idi, amma bir illik müddəti əhatə edirdi. Fikirləşdim ki, bir il ərzində həm proqramı bitirib, həm də diplom təsdiq etmək üçün imtahan vermək mənə çox çətin olacaq. Ona görə də seçimim ABŞ oldu. Nəhayət, qərara gəldim ki, Boston Universitetinə sənədlərimi təqdim edim. İki ilin sonunda mən bu proqramı qırmızı diplomla bitirdim.   - Təhsili bitirdikdən sonra Bakıya qayıtmaq, burda işləmək istəyirdinizmi?

- Bu müddət ərzində imtahanlara yaxşı hazırlaşsam da, özümü buna hazır hiss etmirdim, Bakıya qayıtmaq istəmirdim. Bilirdim ki, Bakıya qayıtsam, həkim ola bilməyəcəm. Ona görə də qərara aldım ki, Kanadanın "Occupational Health" (Peşə sağlamlığı) üzrə doktorantura proqramına sənəd verim. Bu müddət ərzində imtahanları da verəcəyimi planlaşdırırdım. İlk vaxtlar ABŞ-a qayıtmaq istəyirdim. Amma Kanadaya gələndən sonra başa düşdüm ki, ora qayıtmaq çətin olacaq. Mən ümumiyyətlə, risk etməyi sevən insan deyiləm. Həmçinin, Kanadada doktorantura tələbəsi olduğum zaman dərs verirdim və buna görə mənə müəyyən məbləğdə təqaüd verilirdi. Amerikaya qayıtsaydım, heç nə qazanmayacaqdım. Elə oldu ki, doktoranturanın ikinci ilini bitirəndən sonra 3 tibb imtahanından uğurla keçdim və sənədlərimi rezidenturaya yolladım. Hər şey birinci dəfədən alındığına görə çox xoşbəxt idim. Çünki burada o qədər insan var idi ki, həkim olmaq arzusu elə ürəklərində qaldı. Mənim isə bəxtim gətirmişdi.

- Kanada kimi böyük ölkədə həkim kimi çalışmaq üçün hansı prosesdən keçmək lazım gəlir?

- Hətta Kanadanın öz vətəndaşları belə həkim olmaq üçün çox çətin və uzun mərhələdən keçməlidirlər. Burada sistem Azərbaycandakı kimi deyil. Sən sübut etməlisən ki, bu peşə üçün uyğun birisən və insanlara kömək etməyi sevirsən. Mən hazırda qəbul prosesində iştirak edənlərdən biriyəm və bu çətinlikləri gözlərimlə görürəm. Bəziləri birinci mərhələdən qəbul olsa da, bir çoxları 3-4 dəfə öz şansını yoxlamalı olur. Rezidentura da bir neçə mərhələdən ibarət müsabiqədir. İstədiyin rezidentura proqramına qəbul olmaq isə demək olar ki, qeyri-mümkündür. Səhiyyə Nazirliyi müxtəlif tibb sahələri üzrə yerlər ayırır. Məsələn, anesteziologiya proqramına cəmi beş yer ayrılır. Bu proqrama müraciət edənlərin sayı isə yüzlərlədir. Bu qədər insanın içərisindən cəmi beş nəfəri seçməliyik. Bu, Kanadada Tibb Universitetini bitirənlər üçündür. Mənim kimi xarici vətəndaşlara gəlincə isə, elə sahələr var ki, ora ümumiyyətlə, xaricilərə  yer ayrılmayıb. Mən qəbul olduğum il Alberta ştatında anesteziologiya proqramına bir yer ayrılmışdı. Bunun üçün isə mən Kanada Tibb Şurasının imtahanlarını verməli idim ki, aldığım diplomun oranın tibb təhsilinə uyğun olduğu təsdiqlənsin. Bunun üçün ciddi şəkildə hazırlaşmaq lazım idi. Yüksək nəticə göstərməlisən ki, özünü sübut edə biləsən. Amma təkcə çalışmaq da kifayət etmir. Sənin göstəricilərin bu işə nə qədər uyğun olduğunu sübut etməlidir. Bununla yanaşı, yaxşı ünsiyyət qabiliyyəti, liderlik keyfiyyətlərin olmalıdır.

- Kanadada Azərbaycan kimi kiçik ölkədən gələn həkimlərə münasibət necədir?

- Əslində münasibət hansı ölkədən gəlməyindən asılı deyil. Hər yerdə olduğu kimi Kanadada da insanlığa, biliyə, təhsilə və əməllərinə üstünlük verilir. Əvvəllər Azərbaycandan olduğumu deyəndə, çox az insan ölkəmizi tanıyırdı. İndi isə Kanadada Azərbaycanı tanıyanların sayı çoxdur.