2 saatlıq, 45 dəqiqəlik, yoxsa 25 dəqiqəlik serial?


Digərləri 23 Fev 2020 08:06:00 218 0

2 saatlıq, 45 dəqiqəlik, yoxsa 25 dəqiqəlik serial?

Telekanalın formatı nə tələb edirsə, ona uyğun da... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək gündəlik həyat tərzimizin bir parçasına çevrilib. Adətən günün ikinci yarısından sonra telekanallarda seriallar nümayiş olunur. Bu gün azyaşlı uşaqlardan tutmuş, yaşlılara qədər hər kəsin vaxt ayırır seriallara. Seriallarımızın maraqlı olub-olmamağı barədə də birmənalı fikir yoxdur. Bu yöndə daim müzakirələr aparılır. Yəni bəyənib izləyənlər də var, kanalı dəyişənlər də. Amma bu yazıda serialların keyfiyyətindən yox, vaxtından danışacağıq. Adətən, türk serialları 90, 120 dəqiqə olur. Amma yerli serialların vaxt olduqca azdır. Necə deyərlər, televizorun qarşısında oturmağınla serialın bitməyi bir olur. Bizdə daha çox günlük seriallar üstünlük təşkil edir. Günlük seriallar da orta statistik nəticəyə görə 35-40 dəqiqə çəkir. Bu zaman çərçivəsində nümayiş olunan seriallarda təqdim olunan  hadisənin necə cərəyan etməsi 4-5 seriyada tamaşaçıya çatdırılır. Qardaş ölkə Türkiyədə son 5-6 ildə günlük seriallardan imtina edərək həftəlik seriala keçid ediblər. Bir serial isə 2 saatdan artıq nümayiş olunur. Maraqlıdır, serial çəkilərkən vaxt necə müəyyənləşdirilir? Bunun üçün xüsusi yanaşma mövcuddur, yoxsa hər şey rejissordan asılıdır? 

"Xəzər" telekanalında yayımlanan "Xalxın evi" və "Ay yay yay" seriallarının quruluşçu rejissoru, Əməkdar artist Ramin Hacıyev bildirdi ki, serialın nümayiş olunma saatları telekanallardan və onların iş strukturundan asılıdır: "Sitkom üslubunda çəkilən serialların ümumi müddəti 20-25 dəqiqə olmalıdır. Dünya miqyasında bu standart ölçülər dəyişməz olaraq qalır. Çünki gülmək üçün 25 dəqiqə kifayət edir, artığı zərərdir. Bu 25 dəqiqəlik sitkomda həm ümumi fikri çatdırmalı olursan, həm  də  tamaşaçılara yumor bəxş edirsən.  Seriallarımızın 45 dəqiqə olmasının səbəbi isə efir vaxtını doldurmaq deyil. Biz serial çəkərkən telekanalın formatını  və bizim üçün ayrılan zamanı da nəzərə alırıq. Məsələn, verilişlər standart olaraq  45 dəqiqə, filmlər 1 saatdan çox, komediya serialları 45 dəqiqə olmalıdırsa, biz də o formata uyğun məhsul hazırlayırıq. Komediya janrında serial çəkirik deyə, serialımızın müddəti çox azdır.  Dram janrında olan  seriallar daha uzunmüddətli olur. Misal üçün Rövşən İsaxın  rejissorluq etdiyi "Yuxu kimi" serialı 1 saatdan çoxdur. Bundan başqa Rüfət Şahbazovun  rejissorluğu ilə çəkilən "Ata ocağı" serialı da onun kimi".

Rejissor tələbə uyğun şəkildə məhsul hazırladıqlarını vurğulayır: "Bizdə reallıq tamamilə fərqlidir. Hər telekanalın öz formatı var. Hər hansı telekanala 25 dəqiqəlik serial aparsam, deyəcəklər ki, bunu 45 dəqiqə et. Çəkdiyimiz müddət bizi qane edir. Bəzən bizə hekayə verirlər, görürük ki, bu 45 dəqiqədən az edir, ancaq bəziləri də olur ki, daha uzun olur və biz o ssenarini qısaltmaq məcburiyyətində qalırıq. Ümumiyyətlə, mövzudan çox şey asılıdır. Ancaq 45 dəqiqə bizim komediyalar üçün məqbuldur". 

ARB telekanalında yayımlanan "Uçurum" serialının quruluşçu rejissoru Vüsal Məmmədov bizimlə söhbətində günlük serialların iş rejiminin daha ağır olduğunu vurğuladı: "Serialımızın xronometrajı 30-35 dəqiqədir. Bu xronometraj Azərbaycanda yayımlanan günlük serialların hamısına şamil olunur. Türkiyədə həftəlik serial 2 saatlıq olur, bizim isə günlük serialımızın həftəlik saatlarını toplasaq, türklərin həftəlik serialından daha çox edir. Bizdə həftəlik seriallar çox az olduğundan, daha çox günlük seriallar çəkirik. Reklamsız, tam olaraq günlük serial 30-35 dəqiqə civarında hesablanır. Günlük seriallar Türkiyənin özündə də bir müddət davam etdi, daha sonra onlar bundan boyun qaçırmağa başladılar. Son 5-6 ildir ki, həftəlik seriallar yayımlanmağa başlayır. Biz hələlik günlük seriallar sistemindən çıxa bilməmişik. Bu da biz rejissorlardan asılı deyil. Hər hansı bir fikir həftəlik serialda bir seriyaya çatdırılırsa, günlük serialda bunu uzatmaq lazımdır ki, gələcək seriyalar üçün material olsun. Günlük serialda bir hadisəni bir neçə dəqiqənin içərisində çatdırmaq olmaz. Serialın müddəti əlbəttə ki, uzun olmalıdır. Artıq bizdə də bir saat, saat yarımlıq seriallar çəkilməyə başlayır. Günlük seriallarda həm rejissor, həm aktyor oyunları baxımından daha çox şey çatdırmaq olmur. Həftəlik seriallar olsa, 15-20 seriyalıq, yəni bir mövsümü idarə edən seriallar tamaşaçıya daha maraqlı olar. Həm də biz ssenaristlər və rejissorlar üçün daha rahat olar".