Uşaqlara cib xərcliyini necə verməli?


Digərləri 23 Fev 2020 07:44:00 149 0

Uşaqlara cib xərcliyini necə verməli?

Əsas məsələ valideyn tərəfindən uşağa verilən pulun gündəlik ehtiyacı ödəmək, mükafat və ya rüşvət mahiyyəti daşımasıdır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlara cib xərcliyi hələ aşağı siniflərdən verilir. Əksər vaxt onlar özləri verilən pulu zərərli ərzaqlara və ya hər hansı boş bir şeyə xərcləməyin, ya da qoruyub saxlamağın qaydalarını öyrənirlər. Bəzi valideynlər uşağa dərslərindən aldığı qiymətə görə xərclik verərək, onları  motivasiya etdiklərini düşünürlər. Bəziləri isə hesab edir ki, motivasiya təkcə maliyyə ilə ölçülmür, onu başqa metodlarla da həyata keçirmək mümkündür. Bəzən uşaq pul qazanmaq üçün ev işlərini də boynuna götürür və bu zaman əlavə qazanc "mənbələri" yarana bilir. Məsələnin mənfi tərəfi odur ki, uşaq "ənənəvi" işi görməkdən imtina edərkən, vəsait kəsilir. Onda münasibətlər avtomatik olaraq tərəflər arasında "pul-mal" münasibətlərinə çevrilir. 

"Uşaqlar və pullar. Milyonçu böyüdürük" kitabının müəllifi Yelena Krasavina da yeni nəşr olunan kitabında uşağın pulu necə idarə etməsinin yollarını göstərməyə çalışıb. Əlbəttə, bunu nəzəriyyə ilə həyata keçirməyin mümkünsüz olduğunu vurğulayan müəllif bütün hallarda, "uşağa pul vermək lazımdırmı" sualını qabardıb. Kitab Rusiya cəmiyyətində "Cib xərcliyi təhsil üçün alətdir, təlim pulu deyil" deyə geniş müzakirəyə səbəb olub. Məsələyə münasibətdə çıxış yolu kimi uşağa pulu düzgün idarə etməyin qaydalarının öyrədilməsi tövsiyə edilib. Valideynləri düşündürən məsələlərdən biri də uşağın pulu boşuna xərcləməsidir. Ona görə də uşaq daim evdə valideynin "yenə pulunu hansı mənasız şeylərə xərcləmisən" sualı ilə üz-üzə qalır. 

Problem bizim cəmiyyətimizdə də çox aktualdır. Məktəbə gedərkən ayaqlarını yerə döyüb, hətta göz yaşları töküb, valideyndən pul tələb edən uşaqlar var. O cümlədən, valideynin özünün "yaxşı qiymət alsan, sənə 2 manat verəcəyəm" və ya "hədiyyə alacağam" vədləri, eləcə də "yaxşı qiymət almasan, daha sənə pul verilməyəcək" kimi hədələrini də nəzərə alsaq, bütün bunların uşaqların tərbiyəsində izsiz ötüşmədiyini anlamaq çətin deyil. 

Bu gün bizim valideynləri həqiqətən "uşağa pul verilməlidirmi" və ya "uşağa nə qədər pul verilməlidir" sualları narahat edir. 

Təhsil eksperti Qoşqar Məhərrəmovhesab edir ki, şagirdlərə ibtidai sinifdən başlayaraq, maliyyəni idarə etmək üçün müəyyən qədər cib xərcliyi verilməlidir. Hətta onlara pulu necə yığmaq qaydaları da öyrədilməlidir: "Uşaqlar üçün pul yığmaq üçün müəyyən qutular, bankalar alaraq, onları buna həvəsləndirmək lazımdır. Əks halda, hələ erkən yaşlarından pulu idarə edə bilməyən şagirdlər sonradan bu mənada çətinlik yaşayırlar. Nəyin necə alınması, satılması ilə bağlı maliyyə savadlılığı şagirdlərə erkən yaşdan aşılanmalıdır. Hətta beynəlxalq təcrübədə görürük ki, məktəblərdə iqtisadiyyatın əsasları kimi dərslər keçilir. Əvvəllər bizim məktəblərdə də bu, tədris olunurdu. İndi bu mövzular "Həyat bilgisi"nin içərisinə daxil edilib. Şagirdlər idarəetmə qabiliyyətini öyrənməlidir. Bunlardan biri də maliyyənin idarə olunmasıdır". 

Ekspertin fikrincə, şagirdə məhdud çərçivədə pul verilməlidir və o, həftə ərzində həmin maliyyəni idarə etməlidir: "Bu məbləğ isə ailədən-ailəyə dəyişə bilər. Ancaq uşaq dərslərini oxuyanda çox, oxumayanda isə az pul vermək qəbuledilməz davranışdır. Şagird oxuyanda başa salınmalıdır ki, onun motivasiyası xarici amil olmamalıdır. Dərs oxumağın özünün zövqlü bir fəaliyyət olduğunu şagirdlər əvvəlcədən öyrənməli və valideynlər də uşağa bunu aşılamalıdır. Yəni şagird dərslərin yaxşı oxuduğu üçün hansısa mükafatlandırmaya tabe olmamalı, gündəlik həyatının gözəlliklərini yaşamağa davam etməlidir. Valideynlə birgə vaxt keçirmək, hansısa oyunlar oynamaq lazımdır". Q.Məhərrəmov hesab edir ki, dərslərini oxumamaq kimi halların qarşısı isə əvvəlcə hansısa şifahi təlqinlərlə və ya valideynlə birgə dərs oxumaq üsulları ilə alınmalıdır. Şagird yenə səhlənkarlıq göstərdikdə, hansısa öhdəliklərini yerinə yetirmədikdə, yenə pulla təhdid olunmalı deyil, hansısa gündəlik rejimdən məhrum edilə bilər. "Bütün bu humanist üsullar tətbiq olunduqdan sonra son çarə olaraq övlada deyilə bilər ki, "biz artıq evdə kompyuteri yığışdırmalı olacağıq". Əlbəttə, bu, çox çətin situasiyadır. Əgər valideynlə uşaq arasında hər hansı bir ip varsa və bu, sadəcə maliyyə və ya öhdəliklər olaraq qalıbsa, valideyn "mən sənin qarşında öz öhdəliklərimi yerinə yetirirəmsə, sən də öz öhdəliklərini yerinə yetirməlisən" - deyə bilər".     

Əldəki vəsaitin necə idarə olunması

"Biz bəzən uşağın marağını oyatmaq üçün onu nəyləsə motivasiya etməyə çalışırıq. Normativdə çalışırıq ki, bu hər hansı bir əşya və ya puldan yox, söz motivasiyasından ibarət olsun" deyən təhsil eksperti Xalidə Həmidova hesab edir ki, uşağın əldə etdiyi bir nəticənin qarşılığında onu xoş sözlərlə motivasiya etmək daha məqsədəuyğundur: "Təhsildə də bu metoddan istifadə edirik. Amma uşaqlara pul və ya hər hansı əşya söz vermək, sonda zərərli vərdişlərə gətirib çıxara bilər. Bu, uşağın xasiyyətindən, psixoloji durumundan da asılı bir şeydir. Biz çalışmalıyıq ki, uşaq istədiyi bir şeyi əldə etmək istəyirsə, buna özü nail olsun, hər hansı bir motivasiya və ya pul qarşılığında olmasın. Əlbəttə, uşaq yeməkxanaya gedəcəksə və ya başqa gündəlik xərclər üçün ona pul vermək olar. Ancaq bu da böyük məbləğ olmamalıdır. Bəzən olur ki, uşaqlar xərcləmələrin düzgün tənzimlənməsini bilmirlər". 

Ekspert tədris proqramlarında xərclərin idarə olunması ilə bağlı heç bir mövzunun olmamasını təəssüflə bildirir: "Xarici ölkələrdə isə bununla bağlı dərs proqramlarında xüsusi dərslər keçilir, layihələr işlənir və əldəki vəsaitin necə idarə olunması ilə bağlı onlara düzgün istiqamətlər verilir. Əgər biz uşaqlarımızı bu qayda ilə öyrətsək, onda onları "sənə bu qədər pul verəcəyəm və bununla istədiyini əldə edə bilərsən" - deyə motivə edə bilərik. Ancaq "bu gün "5" al, bunun üçün sənə filan qədər pul verəcəyəm" deyə vəd vermək normal hal deyil. Pedaqogikada da belə bir şey yoxdur. Çünki biz uşağa "sən gələcəyin üçün bu dərsi oxuyursan" fikirlərini dərk etdirməliyik. Uşaq bilməlidir ki, nə üçün məktəbə gedir, nəticədə nə əldə edəcək. Bəzən biz uşaqlarımıza hər şeyi düzgün başa salmadan prosesə yönləndiririk. Əgər bunu əlaqələndirsək, sabah hər hansı işinin qarşılığında əldə etdiyi qazanc da ona lazım olan istiqamətdə sərf oluna bilər. Bu, ona gələcəyi üçün də lazım olar. Uşaq hər bir işin qarşılığında qiymətləndirmə gözləyir. O, elədiyi işi yaxşı görməyə çalışdığını dərk etməlidir".