BMTdən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...”


Dünya 22 Fev 2020 16:17:00 150 0

BMTdən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...”

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdlibdə hücum təhlükəsi altında olan mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün çağırış edib.

Son.az Modern.az-a istinadən bildirir ki, qurumun Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib. Münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

Hesablamalara görə son aylarda İdlibdə 900 min nəfərdən artıq insan evlərini və ya sığınacaqlarını tərk ediblər. İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.

"İnsanların həyatlarının qorunması və təhlükəsiz yerlərə çıxış əldə edə bilməsi üçün döyüşlərə son qoyulmasına ehtiyac duyulur.

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb. Hər bir gün ötdükcə bu çağırışın aktuallığı artır. Minlərlə günahsız insan beynəlxalq birlikdəki parçalanmanın bədəlini ödəyə bilməz, beynəlxalq birliyin bu böhranın həllini tapa bilməməsi bizim kollektiv beynəlxalq vicdanımızda ciddi ləkəyə çevriləcək

"Əvvəllər olduğu kimi böhran məqamlarında mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər - hərçənd bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır", - deyə Qrandi bildirib.

Onun sözlərinə görə, artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün, hansı ki, onların 3,6 milyonu Türkiyədədir, beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır:

"Hesablamalara əsasən hazırda Suriyanın şimal-qərbində dörd milyondan artıq mülki əhali yaşayır. Onların yarısından çoxu məcburi köçkünlərdir. Onların çoxu illərlə didərginlik həyatı yaşayır və olduqları yerləri bir neçə dəfə tərk etməyə məcbur olublar. Yeni didərgin düşənlərin təxminən 80 faizi qadınlar və uşaqlardır. Bir çox ahıl insanlar da risk altındadırlar.