Amerikalı politoloq: "Rəsmi Bakıya etimad yüksək səviyyədədir"


Siyasət 22 Fev 2020 09:39:00 119 0

Amerikalı politoloq: "Rəsmi Bakıya etimad yüksək səviyyədədir"

"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri, 20-dən çox sənədin, eləcə də birgə bəyannamənin imzalanması onu göstərir ki, Azərbaycan Avropa İttifaqının (Aİ) etimad göstərdiyi ölkələr siyahısına daxildir".

Son.az xəbər verir ki, bunu Trend-ə amerikalı politoloq Qreq Vayner deyib.

O bildirib ki, bundan sonra Azərbaycanın Aİ-nin müxtəlif proqramlarında iştirakı tamamilə başqa səviyyədə olacaq:

"Ehtimal var ki, imzalanan birgə bəyannamə gələcəkdə Azərbaycanla NATO-nun əməkdaşlığına da təsir göstərəcək. Bildiyimiz kimi, NATO-nun bir çox proqramı mövcuddur və bu proqramlarda iştirak Azərbaycana siyasi və iqtisadi dividendlər gətirə bilər".

Ekspert hesab edir ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri ciddi addımdır, çünki digər məsələlərlə yanaşı söhbət "Cənub Qaz Dəhlizi"ndən gedir:

"Bu, İtaliyaya Avropanın qaz qovşağı olmasına imkan verəcək. İtaliya həmçinin NATO-nun üzv ölkəsidir və NATO ölkəsi Azərbaycanla bu cür danışıqlar aparır. Fikrimcə, bu, Bakının beynəlxalq siyasi arenada yüksək mövqeyini göstərir. Əgər NATO ölkəsi Azərbaycanla strateji tərəfdaşlıq bəyannaməsi imzalayırsa, bu, onu göstərir ki, rəsmi Bakıya etimad yüksək səviyyədədir. Bu da Prezident İlham Əliyevin səfərini çox əlamətdar edir".

Onun sözlərinə görə, Azərbaycan İtaliya tərəfindən tamhüquqlu tərəfdaş kimi qəbul olunur, "Cənub Qaz Dəhlizi" tam işə düşdükdən sonra isə Azərbaycan Avropa İttifaqı üçün tərəfdaş ölkə ola bilər.

Politoloq əlavə edib ki, investorlar hər zaman ölkənin sabitliyinə, təminatlara və dövlətin sazişlərə əməl etməsinə baxırlar və Azərbaycan bu meyarlara tam uyğundur. Prezident İlham Əliyevin İtaliyaya səfərindən sonra isə Azərbaycana investisiyalar daha yüksək səviyyəyə qalxacaq.