Eyni tarix, eyni tale Həbs olunan icra başçıları


Digərləri 22 Fev 2020 08:56:00 147 0

Eyni tarix, eyni tale  Həbs olunan icra başçıları

Xəbər verdiyimiz kimi, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  İsmayıl Vəliyev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində vəzifə başında həbs olunan ikinci icra başçısıdır.

Ötən ilin sonuncu ayında isə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarova qarşı bənzər əməliyyat keçirilmişdi.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni vaxtda Yevlaxın sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb.

Nizaməddin Quliyevlə eyni maddələrlə ittiham olunan keçmiş icra başçısı barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Belə ki, Q.Səmədov dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqlarını ələ keçirib. Bundan başqa, Yevlax şəhərində "Yaşıllaşdırma və işıqlandırma müəssisəsi"nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.