Zülmün üçüncü növündən xüsusən qorunmaq lazımdır


Digərləri 22 Fev 2020 07:31:00 124 0

Zülmün üçüncü növündən xüsusən qorunmaq lazımdır

Qurani-Kərim buyurur: "Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükür - aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur". ("Ənam" 45).

Bu ayə Qiyamət barəsində nazil olmuşdur və Uca Allah bu ayədə zalımların kökünü kəsdiyi üçün həmd və şükür edir. Zülm, Qiyamət günü zülmətli şəkildə zalımın ətrafını bürüyəcəkdir.

İmam Əli (ə) buyurur: "Axirət üçün ən pis azuqə - (Allah) bəndələrinə zülm etməkdir".

Hamımız yaxşı bilirik ki, dünya axirət üçün azuqə toplamaq yeridir. Hər kəs öz halına uyğun qədər azuqə toplayar.

Quranın nəzərinə görə, ən üstün azuqə - təqvadır. "Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə - təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!". ("Bəqərə" 197).

Ancaq çox təəssüf ki, insanlar çox vaxt təqva yerinə zülmü seçirlər və başqalarına züm edərək, ən pis azuqə toplamış olurlar.

Allah bəndənin özünə etdiyi zülmü bağışlayar və tövbəni qəbul edər. Hətta bəndə tövbə etməsə belə, Allah Öz haqqından keçə bilər. Ancaq o yerdə ki, söhbət digər bəndələrə zülmdən düşər - belə bir günah nə tövbə suyu ilə yuyular, nə də şəfaət yolu ilə bağışlanar. Bu səbəbdəndir ki, dinimiz onu ən pis azuqə hesab etmişdir.

İslamın nəzərinə görə, zülm üç dəstəyə bölünür: özünə edilən zülm, Allaha edilən zülm və insanlara edilən zülm.