Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində


Siyasət 21 Fev 2020 19:12:00 92 0

Pompeonun postsovet turnesi: qlobal və regional geosiyasi trendlərin kəsişməsində

Son.az newtimes.az-ın yazısını təqdim edir:

ABŞ dövlət katibinin dörd postsovet ölkəsinə səfərinin təhlilini davam etdiririk. İndi konkret olaraq onun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanla bağlı ifadə etdiyi fikirlərin məzmunu üzərində dayanmağa çalışacağıq. Onların müqayisəsi göstərir ki, Amerika doğrudan da yeni geosiyasi xəttə hazırlaşır və burada postsovet məkanı xüsusi yer tutur. Məsələyə Yaxın Şərqdə müşahidə edilən proseslər fonunda baxsaq, görərik ki, burada da risk və qeyri-müəyyənlik ehtimalı artır. Xüsusilə Çinə daha yaxın olan Mərkəzi Asiyada proseslər daha kəskin xarakter ala bilər.

İkinci nəfəs: Vaşinqtonun növbəti gedişi

Birinci yazıda Mayk Pompeonun səfər etdiyi dörd postsovet məkanı ölkəsinin Rusiya və Çinlə münasibətlərində fərqli məqamlar olduğu vurğulanmışdı. Konkret olaraq Ukrayna Rusiya ilə birbaşa və açıq münaqişədədirsə, Belarus və Qazaxıstan Rusiyanın KTMT və Aİİ-də müttəfiqidir. Bundan başqa, Qazaxıstanla bərabər Özbəkistan da Şanxay Əməkdaşlıq Təşkilatında Çin və Rusiya ilə tərəfdaşdır. Hər iki ölkə "Yeni İpək Yolu" layihəsinin iştirakçısıdır. İndi M.Pompeonun səfəri kontekstində bu cür fərqli və oxşar cəhətlərə malik mürəkkəb münasibətlər sistemində Amerikanın həmin ölkələrlə münasibətləri necə sinxronlaşdıra biləcəyi üzərində dayanaq.

Ukraynada dövlət katibinin əvvəlcədən müəyyən edilmiş mövzuları müzakirə edəcəyi məlum idi. Vaşinqton Ukrayna-Rusiya münasibətləri ilə yanaşı, məlum impiçment olayında rəsmi Kiyevin iştirakı üzərində də dayanmalı idi. Bu proqnoz özünü doğrultdu. Ekspertlərə görə, M.Pompeo Ukraynaya yardımları davam etdirəcəklərini ifadə edib. Bu zaman konkret rəqəmlərdən də bəhs edilib. Bununla Donald Trampın Ukraynaya yardımın kəsilməsi ilə bağlı məlum telefon danışığının acısını unutdurmağa çalışdıqları duyuldu. Bəs bunun səbəbi nə ola bilərdi?

Ekspertlər hesab edirlər ki, Vaşinqton təşəbbüsü Rusiya və Avropa İttifaqına buraxmaq fikrində deyil. Əsas hədəf Çin olsa da, Ukrayna problemində Rusiyanın başını qatmaq olar. Bunun üçün Kiyevə dəstəyi artırmaq gərəkdir. Ukraynanın ayaqda qalması üçün kənardan yardım mütləq lazımdır. Belarus faktoru baxımından da Vaşinqton üçün bunun əhəmiyyəti çoxdur. Çünki ekspertlər onu da açıq ifadə edirlər ki, Vaşinqton Belarusun Rusiya ilə əlaqələrini zəiflətməyə cəhd göstərir. Bunun üçün Amerika Minskə hətta qazla təminata da söz verib.

Bu gedişatın fonunda Ukraynanın tək buraxılması nə demək olardı? Əlbəttə, kimsə ABŞ-ın səmimiyyətinə inanmazdı. Deməli, bütün hallarda Vaşinqtonun Kiyevə dəstəyi artırması təəssüratı yaranmalı idi. Hətta Amerikanın Mərkəzi Asiya üçün yeni strategiya hazırlamasını da bu faktorla əlaqələndirmək mümkündür.

Belə çıxır ki, ABŞ-ın dövlət katibi Ukrayna və Belarus səfərlərini uyğunlaşdırmağa çalışıb. Baxmayaraq ki, həmin ölkələrin Rusiya ilə münasibətləri kəskin fərqlənir. Obrazlı desək, onlardan biri (Ukrayna) Rusiyadan uzaqlaşır, digəri isə (Belarus) daha da yaxınlaşır. Bir-birinə əks olan bu geosiyasi istiqamət üçün Amerika "kəsişmə sahəsi" təklif edib. O isə hər iki dövlətin Vaşinqtonun maraqlarına üstünlük verməsi şərti ilə bağlıdır.

M.Pompeonun bir tərəfdən Minskə enerji məsələsində, diplomatik münasibətlərin qurtulmasında yardım edəcəyini vəd etməsi ilə yanaşı, Belarusa qarşı sanksiyaların qalacağını da vurğulamasının arxasında məhz həmin geosiyasi məqsəd dayanır. Bununla Amerika deyir ki, başlıca şərt geosiyasi istiqaməti bütövlükdə Qərbə tərəf gətirməkdən ibarətdir. Belarus bunu etməyincə, onunla münasibətlərin tam normallaşması mümkün deyildir. Hərçənd, məhz Amerika ilk olaraq qarşı tərəfə doğru addım atıb.

Belə çıxır ki, ABŞ faktiki olaraq Aİ-nin Ukrayna və Belarusa yanaşması formuluna oxşar üsul seçib. Brüssel də Belarusla Ukraynaya "yeni müstəqil Şərqi Avropa dövlətləri" statusunda yanaşır. Ancaq bu dəfə Vaşinqtonun işi çox ağırdır. Çünki Rusiya çox güclənib və istər Belarusla yaxınlaşmada, istərsə də Ukrayna ilə ixtilafda Qərbdən daha çox potensiala malikdir. Həmin səbəbdəndir ki, hələlik həmin ölkələrlə münasibətlərdə Moskva "birinci skripka" rolunu oynaya bilir. Ekspertlər bu kimi faktorları nəzərə alaraq vurğulayırlar ki, M.Pompeo Kiyev və Minskdə daha çox "söz verən tərəfdaş" statusunda göründü. Yəni onun dediklərinin real məzmunu haqqında indi bir söz demək çətindir.

"5+1"dən sonra: yeni formulun arxa məqamları

Mərkəzi Asiya da Amerika üçün sadə region deyil. Burada beş il əvvəl Vaşinqton "5+1" formulu üzrə əməkdaşlıq etməyə çalışmışdı. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində bu formatda bir neçə dəfə ABŞ dövlət katibləri ilə görüş də keçiriblər. Lakin aydın oldu ki, Rusiya və Çinin atdığı addımlar fonunda "Mərkəzi Asiya-ABŞ" ("C5+1") formatı daha çox kağız üzərində mövcuddur. Qərbin bu istiqamətdə uğurları olmadı.

M.Pompeo son səfərində həmin formatı yeni strategiya ilə canlandırmaq niyyətlərini ifadə edib. Bunun üçün region dövlətlərinə yeni iqtisadi-maliyyə yardımları təklif edilib. Əlavə olaraq təhlükəsizliklə bağlı bir sıra məsələlərə diqqət çəkilib. Ancaq hər iki aspektin arxasında bir məqam dayanıb: region dövlətləri Rusiya və Çinlə əlaqələri arxa plana atmalıdırlar. Vaşinqton hesab edir ki, Moskva və Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə təhdidlər yaradır. Məsələn, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Çinin etnik təzyiqinə məruz qala bilərlər. Çində yaşayan türk xalqlarına qarşı Pekin radikal addımlar atır. Ancaq Mərkəzi Asiya ölkələrinin rəhbərləri, deyəsən, bu iddianı qəbul etmirlər. Onlar Çinlə ziddiyyətə getməyəcəkləri ilə bağlı fikirlər ifadə ediblər. Lakin ekspertlər hesab edirlər ki, M.Pompeonun bu barədə danışması müsbət cavab almaq üçün olmaya bilər. Yəni bu bir xəbərdarlıqdır ki, "əgər Amerikanın dediyini eşitməsəniz, etnik zəmində münaqişələrlə qarşılaşa bilərsiniz".

Bu isə faktiki olaraq daha təhlükəli bir yanaşmadır. Hər şeydən öncə o deməkdir ki, Mərkəzi Asiya region kimi süni yaradılmış münaqişələr məkanına çevrilə bilər. Bu, sırf həmin regionda yerləşən dövlətləri cəzalandırmaq üçün deyil, sonrakı mərhələdə Çində aranı qarışdırmaq üçün ola bilər. Mərkəzi Asiyada ixtilafların yaradılması bəri başdan Çinin iqtisadi, maliyyə və enerji-tranzit fəaliyyətini məhdudlaşdırmaq deməkdir. O, reallıqda Sakit okean istiqamətindən başlayan "mühasirə qövsü"nü tamamlayan xətt olur.

Digər tərəfdən, Mərkəzi Asiya "Bir kəmər, bir yol" layihəsində mühüm məntəqədir. Həmin region Cənub-Qərbi Asiyaya, Xəzər hövzəsinə, Qafqaza, Qara dənizə, Türkiyəyə və nəhayət, Avropaya gedən yolun başlanğıcıdır. Rusiya baxımından da həmin region strateji rol oynayır. Ayrıca, Xəzər hövzəsinin enerji resursları ciddi geosiyasi faktor olaraq nəzərə alınmalıdır.

Bütün bunlar M.Pompeonun postsovet məkanı ölkələrinə səfərinin nəticələrini ümumiləşdirməyə imkan verir. Öncə, aydın olur ki, Vaşinqton postsovet məkanına əsas olaraq Rusiya və Çinlə mübarizəsi kontekstində yanaşır. Yəni həmin region Amerika üçün Moskva və Pekinlə geosiyasi rəqabətdə qalib gəlmək üçün lazımdır. Bu məqsədə çatmaq üçün isə Vaşinqton müxtəlif üsullardan istifadədən çəkinir. Həmin prizmadan baxdıqda, M.Pompeonun dörd ölkəyə səfərinin növbəti addım üçün baza yaratmaq məqsədi daşıdığı nəticəsini çıxarmaq olar.

Bu məqam bir tərəfdən narahatlıq yardır, digər tərəfdən isə, ümumiyyətlə, postsovet məkanında yerləşən dövlətlərin ehtiyatlı olması zərurətini ortaya çıxarır. Çünki bu dalğa daha geniş məkanı əhatə edə bilər. Avrasiya geosiyasi məkanında XX əsrin 90-cı illərindən bu yana cərəyan edən proseslərə səthi də olsa, nəzər saldıqda, görürük ki, getdikcə daha geniş məkanı əhatə edən münaqişələrin sayı durmadan artmaqdadır.

Bu zaman münaqişələrin məzmunu və məqsədi böyük dövlətlərin maraqlarına uyğun dəyişir. Yəni proses reallığa deyil, kənardan qurulan oyuna görə müəyyən edilir. Bu isə çox təhlükəlidir. İstisna deyil ki, müəyyən həddən sonra həmin ziddiyyət qlobal miqyasda partlayışla həll edilsin.

Daha konkret desək, M.Pompeo Cənubi Qafqaz ölkələrinə bu dəfə baş çəkməsə də, onun gətirdiyi "geosiyasi külək" burada da müəyyən dəyişikliklərə səbəb ola bilər.