FHN-də çoxnövçülük idmanı üzrə çempionat keçirildi

Sosial 21 Fev 2020 15:42:14 160 0

FHN-də çoxnövçülük idmanı üzrə çempionat keçirildi

Fevralın 19-21-də Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

FHN-dən "Report"a verilən məlumata görə, ümumilikdə çempionatda 18 komandadan 75-ə yaxın idmançı iştirak etib.

Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Bakı Regional Mərkəzi, üçüncü yeri isə Gəncə Regional Mərkəzi komandası tutub.

Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Vladislav Hacıbalayev (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti), üçüncü yerə Elmir Əhədov (Muğan Regional Mərkəzi) layiq görülüb.

FHN-in İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb.

Nazirlik işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək