Ekspert: Binaların kanalizasiya sistemi koronavirusun yayılmasına şərait yarada bilər


Dünya 19 Fev 2020 23:54:00 121 0

Ekspert: Binaların kanalizasiya sistemi koronavirusun yayılmasına şərait yarada bilər

Çində yeni tip koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan COVID-19-un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çin Mühəndislik Akademiyasının akademiki Con Nanşan bu səbəbdən ictimaiyyəti ev və iş yerlərində, ictimai binalarda, xüsusən xəstəxanalardakı kanalizasiya borularının normal işlədiklərini yoxlamağı tövsiyə edib. O, kanalizasiya borularındakı tıxacların tullantı sularında ehtimal olunan virusun havaya buxarlanmasına və beləliklə insanlara yoluxmasına imkan yarada biləcəyini deyib.

Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində COVID-19 ştammını aşkar ediblər. Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.

Con Nanşan 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb. Fevralın əvvəlində isə yenə Honkonqda çoxmərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayan iki nəfərin virusa yoluxması aşkar edildikdən sonra binadakı bütün sakinlər təxliyə edilib. Hazırda səlahiyyətli qurumlar yaxın təmasda olmamış həmin iki nəfərin necə virusa yoluxduğunu araşdırırlar. Bu məsələdə ekspertlərin kanalizasiya borularının virusu yaymasının mümkünlüyü barədə şübhəsi də nəzərdə saxlanılır.