Sürücüləri maarifləndirməli, yoxsa cərimələməli?


Digərləri 19 Fev 2020 22:55:00 141 0

Sürücüləri maarifləndirməli, yoxsa cərimələməli?

Ekspert sürət həddinin aşılması səbəbi ilə çoxalan avtomobil qəzalarını cəmiyyətdə maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi ilə əlaqələndirir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda ötən il ərzində baş verən yol hərəkəti qaydalarının pozulması əsasən sürət həddinin aşılması hesabına baş verib. Trend-in məlumatına görə, 2019-cu il ərzində Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 milyon 999,1 min olub. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 119 milyon manat məbləğində cərimələr tətbiq edilib.   Yəqin ki, bəzi avtomobillərin, ictimai nəqliyyat vasitələrinin üzərində "sürmə yüz, yaşa yüz" ifadəsinin yazıldığını siz də görmüsünüz. Sürücülərin sloqanına çevrilən bu ifadə təəssüf ki, ancaq yazılarda qalır. Reallıqda vəziyyət heç də belə deyil. Statistik göstəricilər bir daha sübut edir ki, sürət həddinin aşılması hələ də cəmiyyətimizdə ən aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu məsələ zaman-zaman aktuallaşsa da, öz həllini tapa bilmir. Bəs görəsən niyə insanlar sürət həddini aşmağa bu qədər meyllidir? Özümüzün və digərlərinin həyatına niyə laqeyd yanaşırıq? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sürət həddinin aşılması təhlükəli bir əməldir: "Yol qayda pozuntuları əksərən sürət həddinin aşılması ilə bağlı olur. Bir çox yollarda radarlar quraşdırılıb. Sürücülər bunu bilməli və əməl etməlidir. Adətən bu cür pozuntular intizamsız sürücülər tərəfindən törədilir. Radarların və kameraların olmadığı yerdə bu sürücülər daha da arxayınlaşır və sürət həddini artırır. Xüsusilə Bakıdan rayonlara, rayonlardan Bakıya sərnişin daşıyan taksi sürücüləri sürət həddini aşmağa daha çox meyllidir. Bu sürücülər yollardakı bütün radarların yerini əzbər bilir. Belə halları aşkarlamaq isə bir qədər çətindir. Çünki radara yaxınlaşdıqda, sürücülər sürəti normaya salır və daha sonra bildiklərini edirlər. Hesab edirəm ki, yollarda mobil radarlar quraşdırılarsa, belə xətaların qarşısı alına bilər. Ümumilikdə texniki baxışdan keçməyən, sığortası olmayan nəqliyyat vasitələri və digər qayda pozuntularının çox olduğunu qeyd etmək istəyirəm. Əksər sürücülər yol ayrıcından keçmək qaydalarını bilmir. Sürücülər çox ciddi və təhlükəli qayda pozuntularını bilərəkdən edirlər. Təəssüf ki, piyadalarla bağlı qayda pozuntuları da az deyil. Həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına laqeyd münasibət göstərir. Bu istiqamətdə görülən tədbirlər və təbliğat işlərinin effekti isə çox zəifdir. Ona görə də maarifləndirmə işlərini mütəmadi şəkildə aparmaq lazımdır".    Nəqliyyat məsələləri üzrə ekspert Eyyub Əliyev hesab edir ki, təkcə administrativ qaydada bu problemi həll etmək olmaz: "Düşünürəm ki, maarifləndirmə işinə də ciddi ehtiyac var. 2011-2012-ci illərdə BŞDYPİ problemin həlli istiqamətində müxtəlif maarifləndirmə tədbirləri təşkil etdi. Layihə çərçivəsində bir sıra sosial çarxlar çəkildi. Həmin dövrdə bu layihə ciddi effekt verdi. Sürət həddi, qırmızı işıqdan keçməklə bağlı cərimələrin sayında özünü göstərirdi. Bu da o deməkdir ki, maarifləndirmə metodu hər zaman cərimədən daha effektiv üsuldur. Düzdür, tətbiq olunan cərimələrin və digər inzibati metodların da müəyyən rolu var. Amma sürücülərin daha çox maarifləndirilməsinə ehtiyac var. Əksər sürücülər tələsdiyinə görə sürət həddini aşır, çox az hallarda kimsə bilərəkdən belə qayda pozuntusuna yol verir. Xüsusilə gənclər arasında bu tendensiya geniş yayılıb. Dünya təcrübəsinə müraciət etsək görərik ki, inkişaf etmiş Avropa ölkələrində belə hallara çox nadir rast gəlinir. Orada hər kəs qanun çərçivəsində qoyulmuş sürət həddi ilə hərəkət edir. Zaman-zaman bu məsələ aktuallaşanda müxtəlif təkliflər səsləndirilib. BŞDYPİ hal-hazırda bu istiqamətdə müxtəlif işlər görür. Ümid edirik ki, bu problemlər tez bir zamanda öz həllini tapar".   Sosioloq Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, sürət həddinin aşılması cəmiyyətimizdə maddi dəyərlərə üstünlüyün daha çox verilməsi ilə bağlıdır. Bu həm də bir növ özünü təsdiq etmək kimi qəbul edilir: "Təəssüf ki, insanların, xüsusilə də gənclərin davranışında özünü nümayiş etdirmə komponentləri müşahidə olunur. İnsanların davranışına təsir edən 4 mühüm amil var ki, bunlar mühit, xarakter, aldığı informasiya və üstünlük verilən dəyərlərdir. Amma bizim cəmiyyətdə bu komponentlərin dördündə də müəyyən problemlər var. Bizim mühitdə insanlar daha çox fərqlənmə və özlərini göstərməyə çalışır. İnsanlar mənəvi dəyərlərdən daha çox maddi dəyərlərə üstünlük verir. Sürət həddinin aşılması ilə bağlı qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir. Bizdə sürücü mədəniyyəti istənilən səviyyədə formalaşmayıb. Ona görə də bu istiqamətdə müəyyən işlərin görülməsinə ehtiyac var. Çalışmalıyıq ki, cəmiyyətimizdə mənəvi dəyərlərə üstünlük verilsin. Çünki mənəvi dəyərlərin aşınıb sıxışdırıldığı cəmiyyətdə belə problemlərin sayı çox olur. Təkcə avtomobil qəzaları deyil, bütün problemlər məhz bu səbəbdən yaranır".