Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir FOTO


Digərləri 18 Fev 2020 17:57:00 125 0

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir  FOTO

"Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyətin Bakıya səfəri baş tutub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində Rusiya nümayəndə heyəti həmçinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirmişdir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə "Azəraeronaviqasiya" HHİ-nin və Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalamışdırlar.

Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd etmişdirlər.

Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcəkdir.

"Bu memorandum hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və hava naviqasiyası sisteminin keyfiyyətinin artırılması sahəsində qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu, həmçinin hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələblərin çevik şəkildə tətbiq edilməsinə imkan verəcək", - Fərhan Quliyev qeyd etmişdir.

Qeyd edək ki, qonşu dövlətlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi "Azəraeronaviqasiya" HHİ-nin strateji hədəfi - dünya hava naviqasiya sisteminə uyğunlaşması və davamlı texniki və texnoloji inkişaf yolu ilə inteqrasiya olmasında mühüm rol oynayır.