DANX: Naftalanda yeni fəaliyyətə başlayan avtovağzal stansiyası tam qanunsuzdur


Digərləri 18 Fev 2020 15:46:00 148 0

DANX: Naftalanda yeni fəaliyyətə başlayan avtovağzal stansiyası tam qanunsuzdur

Naftalanda fəaliyyətə başlayan avtovağzal stansiyası tam qanunsuzdur və heç bir tələblərə cavab vermir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Naftalanda hotel tikərək birinci mərtəbəsində avtovağzal açan sahibkara DANX tərəfindən xəbərdarlıq olunub:

"Avtovağzallar və avtostansiyalar haqqında əsasnamə mövcuddur və həmin əsasnamədə kriteriyalar var. Pasportun əldə olunması üçün isə sahbikarlar bu kriteriyalara əməl etməlidirlər. Onlar nədən ibarətdir: 75 və daha çox oturacağı olan gözləmə zalı, ana və uşaq otağı, sərnişinlərin avtobusa minib-düşməsi üçün perronlar, şəhərlərarası işləyən avtobuslar üçün geniş meydança, taksi xidməti göstərən şəxslər üçün avtovağzal ətrafı ərazinin mövcudluğu, inzibati bina, tibb məntəqəsi, sürücülərin istirahət otağı və nəhayət, polis məntəqəsi. Bunlar hamısı vacib şərtlərdir".

N.Allahyarova qeyd edib ki, sahibkar bu kriteriyaların heç birinə əməl etməyib:

"Sahibkar hoteli tikib və birinci mərtəbəsini avtovağzal kimi elan etdikdən sonra, əməkdaşlarımız əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, pasportun alınması üçün sahibkar heç bir iş görməyib və həmin obyektdə avtovağzal üçün lazım olan meyarların heç biri yoxdur. Bu səbəbdən Naftalanda həmin obyektin avtovağzal kimi fəaliyyət göstərilməsinə icazə verilməyib".