"Azerbaijan Digital Hub" proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub


Digərləri 18 Fev 2020 14:00:00 141 0

"Azerbaijan Digital Hub" proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub" proqramı Bakıda 13-14 fevral tarixlərində baş tutmuş "Rəqəmsal İqtisadiyyat: müasir çağırışlar və real imkanlar" adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə baş tutmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən "Azerbaijan Digital Hub" proqramını tədqim edib, müasir dövrdə rəqəmsal transformasiya prosesləri barədə geniş danışıb. Fuad Allahverdiyev rəqəmsallaşmanın cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyət kəsb etdiyini vurğulayıb. Fuad Allahverdiyev proqram çərçivəsində infrastruktur quruculuğu layihələri barədə danışıb, ölkə daxilində fiber-optik kabel xətlərinin çəkilməsi üçün Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihəni, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasıda Xəzərin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O bu layihələr sayəsində Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun formalaşacağını bildirib, "Digital Hub" proqramının son nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə keçirilib.