ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”i Azərbaycanın enerji layihələrinin inkişafında maraqlıdır


İqtisadiyyat 18 Fev 2020 10:42:33 103 0

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”i Azərbaycanın enerji layihələrinin inkişafında maraqlıdır

​ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”i Azərbaycanın enerji layihələrinin inkişaf etdirilməsində maraqlıdır

© Socar.az

Fevralın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin məsləhətçilər şurasının üzvlərini qəbul edib.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan SOCAR-ın prezidenti onların fəaliyyətini yaxından izlədiyini, indiyədək həyata keçirdikləri layihələrin uğurla nəticələndiyini, həmçinin ötən il “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” forumuna görə “Xəzər Siyasət Mərkəzi”nə minnətdarlığını bildirib. SOCAR prezidenti Azərbaycanda həyata keçirilən enerji layihələri haqqında qonaqları ətraflı məlumatlandırıb, gələcəkdə layihələrin uğurla davam etdirilməsi üçün daha geniş əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinin cari ildə yekunlaşacağında söhbət açan R.Abdullayev bu layihənin reallaşdırılmasına start verilərkən bir sıra problemlər yaradıldığını, amma Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi, BP və SOCAR-ın təşəbbüsü ilə bu layihənin artıq başa çatmaq üzrə olduğunu vurğulayıb. SOCAR prezidenti qeyd edib ki, bu layihənin genişləndirilməsi üçün “Xəzər Siyasət Mərkəzi”nin səyləri bizim işimizə təkan verə bilər.

Nümayəndə heyətinə rəhbərlik edən “Xəzər Siyasət Mərkəzi”nin məsləhətçilər şurasının üzvü Riçard Hoqland səmimi qəbul üçün minnətdarlığını bildirib, onların təmsil etdiyi qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində baş verən prosesləri diqqət mərkəzində saxladığını deyib.

Qeyd edilib ki, Mərkəz Azərbaycan haqqında obyektiv məlumatların yayılmasına şərait yaradan bir sıra tədbir və layihələri bundan sonra da həyata keçirəcək, xüsusi olaraq Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin inkişaf etdirilməsində maraqlıdır. Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Görüşdə “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru Əfqan Nifti, təşkilatın məslətçilər şurasının üzvləri, keçmiş səfirlər Robert Sekuta, Alan Mustard, Susan Eliot iştirak ediblər.