"Babəkə həsr etdiyim məqalə sayəsində birinci yeri tutdum" - Harvardda təhsil alan bacı-qardaşla - MÜSAHİBƏ


Siyasət 18 Fev 2020 10:03:07 131 0

"Babəkə həsr etdiyim məqalə sayəsində birinci yeri tutdum" - Harvardda təhsil alan bacı-qardaşla - MÜSAHİBƏ

Məmmədovların ailəsi 2011-ci ildən Nyu-Yorkda yaşayır

Səma Məmmədova və İbrahim Məmmədov

Səma Məmmədova: "Artıq bir ilə yaxındır ki,Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri bizimlə əlaqə qurmağa başlayıb"

İbrahim Məmmədov: "Həmsöhbətlərimin əksəriyyəti Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfini tuturlar, Ermənistanın atdığı addımın beynəlxalq hüququn normalarına zidd olduğunu bildirirlər"

ABŞ-ın dünyaca məşhur Harvard Universitetində tarix ixtisası üzrə təhsil alan tələbələr arasında iki azərbaycanlı da var: Səma Məmmədova və İbrahim Məmmədov. Onlar bacı-qardaşdır. Məmmədovların ailəsi 2011-ci ildən Nyu-Yorkda yaşayır.

"Report"Səma Məmmədova və İbrahim Məmmədovla müsahibəni təqdim edir:

- Səma xanım, təkcə ABŞ-ın deyil, dünyanın ən yaxşı universitetlərindən birində - Harvard Universitetində təhsil almağın hansı üstünlükləri var?

- Məncə, Harvard Universitetinin əsas üstünlüyü ondadır ki, burada elmi tədqiqat aparan professorlar və tələbələr öz işlərinə böyük həvəslə yanaşırlar. Onlar üçün elmi iş sadəcə gəlir mənbəyi rolunu daşımır. Elm onların həyatlarının mənasıdır. Bu cür entuziazmla dolu bir yerdə dərs almaq və araşdırma aparmaq məni hər gün ilhamlandırır.

Keçən il qardaşım İbrahim Harvard, Yale, Princeton, Stanford, Columbia, Brown, Cornell, Duke, NYU, and Johns Hopkins universitetlərinə qəbul olunub. Onlardan Harvard Universitetini seçib və indi Harvardda 1-ci kursda təhsil alır. İbrahim ABŞ-daki icmamızla yaxın münasibət qurur və son bir ilin içində bir neçə azərbaycanlıya ABŞ-da universitetlərə qəbul olunmaqda yardım göstərib. O, tanıdığım ən vətənpərvər insanlardan biridir və mən onun bacısı olduğum üçün hər gün qürur duyuram.

- İbrahim, siz Amerikada doğulmusunuz, yoxsa Azərbaycanda?

- Mən Bakıda doğulmuşam. 9 yaşıma qədər Azərbaycanda yaşamışam, sonra Amerikaya köçmüşük.

- Siz bir neçə universitetə qəbul olunsanız da, təhsilinizi məhz Harvardda davam etdirməyə qərar vermisiniz. Niyə məhz Harvard?

- Mən qəbul olmamışdan 6 il əvvəl bacım Harvard Universitetinin tələbəsi adını qazanmışdı.Hətta bir nömrəli universitet olmasaydı belə, mən yenə Harvardı seçərdim. Çünki 2 il idi ki, Amerikaya gəlmişdik və təbii ki, maddi çətinliklərimiz var idi. O dövrdə bacım Harvard Universitetinə tam ödənişsiz qəbul edildi.

- Siz də ödənişsiz təhsil alırsınız?

- Xeyr. Ötən illər ərzində ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşıb. Artıq universitetə az da olsa, ödəniş edirik.

- İbrahim, siz hansı ixtisas üzrə təhsil alırsınız?

- Bacım kimiTarix ixtisası üzrə.

- Səma, elmi araşdırmanızla bağlı danışın, zəhmət olmasa. Araşdırmalarınızın, elmi fəaliyyətinizin Azərbaycanla bağlı olduğu barədə məlumatlıyıq. Belə bir seçim etməyiniz Ana Vətənlə ömürlük bağlı olmaq arzusudur, yoxsa bu mövzuların ciddi tədqiqata ehtiyacı olduğunu düşünürsünüz?

- Harvardda PhD proqramına daxil olmamışdan əvvəl, bakalavr dərəcəmi də bu universitetdən almışam. O zamanlarDağlıq Qarabağ münaqişəsi, Azərbaycanda etnik və dini azlıqlara qarşı tolerant münasibət və Azərbaycana aid digər mövzuları işıqlandıran məqalələr yazıb onları "Harvard International Review" jurnalına göndərirdim. İndi isə Harvardda PhD proqramındayam və Azərbaycan barədə yazmaq imkanlarım daha məhduddur. Bir tələbənin Harvardın hər hansı bir departamentində PhD programına daxil olmağı üçün həmin departamentdə tələbəni maraqlandıran sahədə araşdırma aparan və dərs deyən bir professorun olmağı tələb olunur. Təəssüf ki, Harvardın Tarix departamentində Azərbaycana aid iş görən professor yoxdur və bu üzdən mən öz dissertasiyamı Azərbaycan tarixi barədə yaza bilməyib, daha ümumi suallar ətrafında araşdırma aparmaq məcburiyyətindəyəm. Bu anda mən XIV-XVI əsrlərdə mövcud olan iqtisadi qurumlar üzərində işləyirəm, ticarət və bankçılıq tarixini araşdırıram. Gələcəkdə Səfəvi İmperiyası və İtalyan şəhərləri (Venesiya, Florensiya, Genova) arasında iqtisadi əlaqələr üzərində tədqiqat aparmağı planlaşdırıram.

- Azərbaycan dilindəki hansı elmi mənbələr sizin üçün ciddi mənbə rolunu oynayır?

- Əsas maraqlarım ticarətlə bağlı olduğuna görə mənim üçün ən dəyərli mənbələr material mənbələrdir. Məsələn, Renessans dövründə yaradılan bəzi rəsmlərdə Azərbaycan xalçalarına bənzəyən xalçalar görmək olar. Onların növlərini müəyyənləşdirmək və haradan gəldiklərini ehtimal etmək üçün Azərbaycanda qorunub saxlanılan qədim xalçaları (ya da ənənəvi üslubda hazırlanan müasir xalçaları) təhlil edib, bir gün onları rəsmlərdəki xalçalarla müqayisə etmək arzusundayam. Amma bunların hamısını yalnız dissertasiyamı bitirib müstəqil alim olandan sonra edə bilərəm.

- İbrahim, universiteti bitirəndən sonra Azərbaycan üçün hansı işləri görməyi planlaşdırırsınız?

- Bunun üçün universiteti bitirməyi gözləmək lazım deyil. Tələbələr hər yay layihə-təklif hazırlayırlar. Layihəni əsaslandıra bilsələr, universitet tərəfindən onlar üçün müəyyən məbləğ ayrılır. Məsələn, mən Azərbaycanda gənclər üçün düşərgə açmaq, ətraf mühitin qorunması üçün hansısa bir layihəni reallaşdırmaq istədiyimi desəm, universitet mənə lazımi məbləği ayıra bilər.

- Bəs bu istiqamətdə hansısa layihə üzərində işləmək fikriniz var?

- Bilirsiniz, mən bu məsələni bacımla da müzakirə etmişəm. Hələ birinci kurs tələbəsiyəm. Düşünürəm ki, yayda başqa ölkəyə gedib əlavə dərs almaq daha məqsədəuyğun olar. Amma bacım da, mən də Vətənimiz üçün əlimizdən gələni etməyə hazırıq. Bununla bağlı bir sıra fikirlərimiz də var.

- Azərbaycan tarixinin hansısa dövrü ilə bağlı araşdırma aparmaq fikriniz varmı?

- Mən bunu artıq etmişəm. Harvard Universitetinə qəbul üçün yazdığım rezyumenin əsas hissəsini Azərbaycan barədə məqalələr təşkil edirdi. 15-20 səhifəlik məqaləmi bütünlüklə Babəkə həsr etmişdim. Bu məqalə sayəsində yarışda birinci yeri tutdum, hətta pul mükafatı qazandım. Bundan əlavə, tarixi araşdırmalara həsr olunan “Conquer review ” adlı jurnal Azərbaycan tarixi barədə yazdığım bir məqaləmi çap etdi. Həmin məqalə üzərində 6-7 ay işləmişdim.

- İbrahim, bəs siz Azərbaycan barədə yazdığınız məqalələrdə əsasən hansı elmi mənbələrə istinad edirsiniz?

- Bu məsələdə mənə ən çox babam istiqamət verir. O, Azərbaycan tarixinə yaxşı bələddir. Mənə müəyyən mövzuya aid kitablar göndərir. Sosiologiya fənnindən Köhnə Bakı haqqında bir məqalə yazmışdım. Orda babamın göndərdiyi kitablardan istifadə etmişdim. Bununla yanaşı, adətən internet resurslarından istifadə edirəm.

- İbrahim, Azərbaycançılıq ideologiyasından uzaqlaşıb Amerikalaşmırsınız ki?

- Xeyr. Uzaqlaşmaq mümkün deyil. Ətrafdakı insanlar Azərbaycandan olduğumu bilən kimi mənə çoxlu suallar verirlər.

Səma Məmmədova və İbrahim Məmmədov

- Əsasən nə soruşurlar?

- Azərbaycanın necə ölkə olduğunu, orada insanların hansı dildə danışdığını, tarixini və s. Məsələn, bir nəfər Səfəvilər dövləti haqqında eşitmişdi, məndən bu barədə soruşdu, mən də ona məlumat verdim. Məndən tez-tez Bakı haqqında soruşurlar. Hətta onların arasında seminar və konfranslarda iştirak etmək üçün Bakıya gəlmiş şəxslər də olur. Amerikalılar daim Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi ilə maraqlandıqları üçün azərbaycanlı olduğumu heç vaxt unutmuram.

- Sizə heç Qarabağ barədə sual verənlər olur?

- Əlbəttə olur. Qarabağla maraqlananlar konkret hansısa kateqoriyaya daxil olan insanlardır. Məsələn, siyasətlə maraqlanan və ya beynəlxalq münasibətlər, birləşmiş millətlər üzrə təhsil alan gənclər. Hətta həmsöhbətlərimin əksəriyyəti Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfini tuturlar, Ermənistanın atdığı addımın beynəlxalq hüququn normalarına zidd olduğunu bildirirlər.

- Hər ikiniz ana dilində gözəl danışırsınız. Azərbaycanca bu qədər rəvan danışmağınız ailənizin tələbidir, yoxsa öz marağınız burada rol oynayır?

Səma: Mən ABŞ-a 15 yaşımda köçmüşəm, uşaqlığım isə Bakıda keçib. Bura ailəmlə bərabər köçdüyümə görə evdə Azərbaycanca danışmaq imkanım olub, ona görə də nə mən, nə də qardaşım Azərbaycan dilini unutmuşuq. Ailəmiz heç vaxt bizi heç nəyə məcbur etməyib, amma Azərbaycanca danışmağımızı həmişə dəstəkləyiblər.

- Səma, ABŞ-da yaşayan azərbaycanlıların təşkilatlanması haqqında nə demək olar?

-Yaxın illərdə ABŞ-da yaşayan azərbaycanlıların sayı çox artıb. Bu bir tərəfdən icmamızın böyüyüb güclənməsinə, digər tərəfdən isə onun hissələrə bölünməsinə səbəb olub. Buna baxmayaraq, əminliklə deyə bilərəm ki, diasporumuz ildən-ilə daha da fəallaşır.

- Səma, səncə, erməni lobbisinin güclü olduğu bir ölkədə biz hansı işləri görməliyik?

- Düşünürəm ki, bizim əsas məqsədimiz “anti-Armenian propaqanda” yox, “pro-Azerbaijani propaqanda” aparmaqdır. Əlbəttə, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq çox önəmlidir, amma mənim şəxsi təcrübəm göstərir ki, pozitiv təbliğat ABŞ-da daha təsirlidir. Amerikalıları mədəniyyətimizlə tanış etmək, onlara adətlərimiz, tariximiz, musiqimiz, yeməklərimiz barəsində məlumat vermək onların yaddaşlarında Azərbaycanla bağlı müsbət assosiasiyalar yaradır. Düşünürəm ki, bu ən əsas məqsədimiz olmalıdır. Onunla bərabər, ermənilərin Azərbaycan barəsində yaydıqları yalanlarına vaxtında reaksiya vermək və həmin yalanların yerinə düzgün məlumat paylaşmaq da bizim ən vacib missiyalarımızdan biridir.

- Səma, Bostondakı azərbaycanlılarla vaxtaşırı görüşürsünüzmü və virtual əlaqələriniz necədir?

- Mənim Bostonda bir neçə azərbaycanlı dostum var və onlarla, demək olar ki, hər həftə görüşürəm. Bostonda yaşayan digər azərbaycanlılarla isə "Facebook" vasitəsi ilə əlaqə saxlayıram və bəzən Bostondaki icmamızın görüşlərinə də gedirəm. Bayramlarda isə tez-tez Azərbaycan icması tərəfindən Nyu-Yorkda təşkil olunan tədbirlərdə iştirak edirəm.

- İbrahim, ABŞ-da yaşayan gənclərlə əlaqələr qurursunuzmu?

- Tanıdığım azərbaycanlı gənclərin əksəriyyəti Nyu-Yorkda yaşayır. Harvarddan isə bir gənclə - İlkin Bayramlı ilə əlaqəm var. Ümumiyyətlə, mən Azərbaycandan olan gənclərə bacardığım qədər kömək edirəm və lazım gəldikdə özüm onlarla maraqlanıram.

- Azərbaycana gedirsinizmi? Azərbaycanda demokratik inkişaf, elm və təhsil sahəsindəki vəziyyət barədə maraqlanırsınızmı?

Səma: Azərbaycana, demək olar ki, hər il gedirəm. Bir il getməsəm, Bakı üçün darıxmağa başlayıram. Adətən Bakıda ildə 2-3 həftə qalıram və bu qısa müddət ərzində elm və təhsil barəsində hər hansı bir nəticəyə gəlmək çox çətindir.

- Diasporla İş üzrə Dövlət Komitəsi sizinlə əlaqə qururmu?

Səma: Bəli, artıq bir ilə yaxındır ki, Dövlət Komitəsinin nümayəndələri bizimlə əlaqə qurmağa başlayıb. Bu son bir-iki ilin içində diaspor işlərinə maraq çox artıb və bu, məni çox sevindirir.

İbrahim: Diaspor Komitəsi ilə əlaqələrimiz yeni yaranıb. Bu əlaqələrin daha genişlənməsini arzu edirəm. Görürəm ki, Diaspor Komitəsi təkcə ABŞ-da deyil, bir sıra başqa ölkələrdə də böyük işlər görür.

- Səma, xaricdəki hər bir azərbaycanlı diaspor fəaliyyəti ilə məşğul olmalıdırmı?

- Mən və mənim ailəm ABŞ-da yaşayan azərbaycanlılarla həmişə sıx əlaqədədir və icmamızın işlərində bacardığımız qədər fəal olmağa çalışırıq. Buna baxmayaraq, düşünürəm ki, bu hər bir insanın şəxsi seçimi olmalıdır və məcburi xarakter daşımamalıdır. Vətəni qürbətdə layiqincə təmsil etmək üçün diaspor fəaliyyəti ilə məşğul olmaq zəruri deyil.

Lalə İmaməliyeva