Vüsal Qasımlı: "Azərbaycan hər nəfərə düşən büdcə xərclərinə görə regional liderdir"


Digərləri 18 Fev 2020 10:01:00 122 0

Vüsal Qasımlı: "Azərbaycan hər nəfərə düşən büdcə xərclərinə görə regional liderdir"

Nəticə əsaslı büdcə və ortamüddətli xərclər çərçivəsinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2020-ci il pilot dövr kimi, büdcə xərclərinin funksional təsnifatının "Təhsil", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" bölmələri isə pilot sektorlar kimi müəyyən edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı fiskal sahədə aparılan islahatlar mövzusunda sualları cavablandırıb.

- Ortamüddətli xərclər çərçivəsi nədir və bunun əhəmiyyətini necə izah edərdiniz?

- Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsi"ndə göstərilirdi ki, ortamüddətli xərclər çərçivəsi güclü büdcə idarəçiliyi və onun nəticəəsaslı büdcə təşkilinə uyğunlaşdırılması, dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılması üçün əhəmiyyətlidir. Nəticəəsaslı büdcə aşağıdakı şərtlər daxilində reallaşdırılacaq: dövlətin maliyyə resurslarının proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi, büdcə vəsaitlərindən istifadə üzərində nəzarət mexanizminin qurulması, büdcə layihəsinin büdcə təşkilatlarının fəaliyyətinin səmərəliliyini, nəticələrini və qənaətliliyini qiymətləndirməyə imkan verən göstəricilər sistemi əsasında tərtib edilməsi. Beləliklə, nəticə əsaslı büdcə dövlət xərcləmələrinin daha ünvanlı, optimal və səmərəli istifadəsini təmin edəcək.

2021-ci il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması ortamüddətli xərclər çərçivəsinə uyğun təmin ediləcək. Bunun üçün 39 bənddən ibarət "Tədbirlər Planı" təsdiq olunub.

Azərbaycanda ümumi amil məhsuldarlığının səviyyəsi göstərir ki, biz daha çox institutsional islahatların və insan kapitalının inkişafı hesabına iqtisadi artımı sürətləndirə bilərik. Eyni zamanda fiskal institutların inkişafı, o cümlədən, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi və nəticə əsaslı büdcənin tətbiqi iqtisadi artımı sürətləndirməyə hesablanıb. Bu baxımdan cənab Prezidentin rəhbərliyilə fiskal institutların inkişaf etdirilməsinin mühüm əhəmiyyəti var. Bundan başqa dövlət müəssisələrində korporativ standartların tətbiqinin daha da genişləndirilməsi həm fiskal dayanıqlılığın artırılması, həm də iqtisadi səmərəliliyin artırılması və rəqabət mühitinin yaxşılaşdırılmasına töhfə verəcək.

Ortamüddətli xərclər çərçivəsi həm də ortamüddətli resurs zərfinin və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edəcək.

- Nəticəəsaslı büdcənin mexanizmi necə qurulur?

- Nəticəəsaslı büdcə hər hansı bir proqram üçün ayrılan büdcə vəsaitlərinin səviyyəsi ilə həmin proqramdan gözlənilən nəticələr arasında əlaqə yaradan büdcə hazırlanması prosesidir. Belə bir büdcə hazırlanması prosesi büdcə vəsaitlərini xərclər baxımından daha səmərəli və effektiv xərclənməsini təmin edir.

Proqram-əsaslı büdcə hazırlanması adlanan bu yeni metodologiyaya əsasən, büdcə prosesi və büdcə sənədlərində strateji məqsədlər, tədbirlər və instrumentlər və onların xərcləri barədə izahlı məlumat təqdim olunur. Bu tipli büdcələrdə əsas fəaliyyət indikatorları bunlardır:

Müəyyən məqsədləri əldə etmək üçün dövlət qurumu tərəfindən görüləcək işlərin və göstərilən xidmətlərin sayı, keyfiyyəti və xərcləri və, bu tədbirlərin və xidmətlərin icrasından gözlənilən nəticə indikatorları.

Bu tələb edir ki, büdcənin planlaşdırılması və ümumilikdə büdcə icrası prosesinə inteqrasiyalı yanaşma tətbiq edilsin ki, bu da prioritetlərin düzgün müəyyənləşdirilməsi və büdcə prosesindən daha səmərəli istifadəni təmin edir. Sağlam nəticəəsaslı büdcə sisteminin hazırlanması və tətbiqi üzrə texniki prinsiplər vardır ki, bu Nəticələr Nəzəriyyəsində əks olunub. Bu yeni çərçivəyə görə nəticəəsaslı büdcədə missiya, hədəflər, məqsədlər və vəsaitin nə uçun xərclərnməsinin izahı tədqim edilir. Burada əsas məqam "nəticə"dir. Bu metodun tətbiqi ilə bütünlükdə planlaşdırma və büdcə çərçivəsi nəticəyönümlü olur ki, bunun da əsasında qiymətləndirmə dayanır. Bu proses 3 elementdən ibarətdir: nəticə, strategiya (yekun nəticəni əldə etmək üçün müxtəlif vasitələr) və fəaliyyət - son məhsul (yekun nəticəni əldə etmək üçün görülməli işlər və tədbirlər).

Sonuncu element üçün Əsas Nəticə İndikatorları (KPİ) müəyyən edilməlidir. Bir sözlə, nəticə-əsaslı büdcə "strategiya və planlaşdırmanın icra və ölçmə ilə kəsişməsidir".

- Nəticəəsaslı büdcəyə nail olunması istiqamətində xarici təcrübə necədir və Azərbaycanda qabaqcıl təcrübənin tətbiqi imkanları barədə nə demək olar?

- Məsələn, əvvəllər ABŞ-da ali təhsildə nəticəəsaslı büdcənin tətbiqi şagirdlərin ali təhsil ocaqlarına qəbul olunmasını təşviq etməyə hədəflənmişdi. Belə ki, hansı ali təhsil müəssisəsinin 1-ci semestrinin əyani şöbəsinə daha çox şagird qəbul olunursa həmin quruma büdcədən daha çox maliyyə vəsaiti ayrılırdı. Sonradan isə, vaxt keçdikcə maliyyələşdirmə formulası dəyişdi ki, bu ABŞ-ın hazırda 30 ştatında tətbiq olunur və buraya təkcə şagird qəbulu deyil həm də, ali təhsili tam bitirmə, dərəcə alma, əldə edilən dərəcələrin sayı, az təminatlı ailədən olan məzunların sayı kimi kriteriyalar (KPİ-nəticə indikatorları) əlavə olundu.

Təhsil nəticə-əsaslı büdcənin tətbiq edilməsinin üstün cəhətləri: Tələbə qəbulu və ali təhsiln əlçatanlığının artırılmasına stimul verir; Təhsil prosesində nəticələrə və nailiyyətlərə diqqət yönəldilir; Nəticə indikatorları meyarlarına cavab verən qurumlara resursların ədalətli bölüşdürülməsini təşviq edir.

Zəif cəhəti isə nəticə indikatorlarının müəyyən edilməsinin çətin olması və eləcə də nəticələrin əldə edilməsi uzun-müddət tələb etdiyi üçün bu nəticələrin ölçülməsinin bəzən qeyri-mümkün olmasıdır.

Nəticəəsaslı büdcənin müəyyən nəticələrə nail olmağa yönəlmiş proqram icrasını və idarəetmənin səmərəliliyini, effektivliyi və hesabatlılığı yaxşılaşdırmaq məqsədini daşıyan iştirakçı və komanda-əsaslı büdcə idarəetmə yanaşmasıdır.

Azərbaycanda siyəsət-əsaslı (policy based budgetting) büdcənin tətbiqi sahəsində önəmli təkmilləşdirmədən biri kimi mart 2010 tarixli 239 saylı Prezident Fərmanını qeyd etmək olar ki, bu Fərmanda Dövlət İnvestisiya Proqramının (DİP) hazırlanması, icrası və monitorinq-qiymətləndirilməsi tələb olunur. DİP büdcə prosesinə inteqrasiya edilib və bu sahədə əldə edilən irəliləyişlər büdcə hazırlanması və icrası prosesinin nizam-intizamının artırılması ilə nəticələnib.

Nəticə-əsaslı büdcə mexanizminin tətbiqi həm dövlət sektoruna həm də mediaya büdcə xərclərinin izləməyə imkan yaradacaq. Məsələn, nəticəəsaslı büdcənin tətbiq edildiyi Norveçdə Parlamentin Maliyyə və İqtisadi İşlər Komitəsi intensiv surətdə büdcə layihələrinin müzakirəsini aparır və 1999-cu ildə komitədə xüsusi tədqiqat departamenti yaradılıb ki, təhlillər həyata keçirilsin.

- Ortamüddətli xərclər çərçivəsinin tərkib hissəsi olan milli xərc prioritetləri necə müəyyənləşəcək?

- Milli xərc prioritetləri Strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş yeni siyasət təşəbbüsləri ilə əlaqələndirilməklə, məhdud sayda tərtib olunur. Burada maksimum 5-dək milli xərc prioriteti müəyyənləşdirmək olar. Xüsusi hallarda isə milli xərc prioritetləri 7-dək ola bilər.

Azərbaycan iqtisadiyyatının sektor skanı da göstərir ki, altı sektoru prioritet edib, ona fokuslanmaq daha düzgündür. Çili, Çexiya, Koreya və başqa uğur hekayələrində də 6-7 sektor üzrə ixtisaslaşmanın daha çox fayda gətirdiyini görürük. Məqsəd ən böyük potensialın hansı sahələrdə olmasını müəyyənləşdirmək və daha sonra həmin sahələrə investisiyaların proaktiv şəkildə təşviq edilməsi ilə bu sahələrin inkişafına nail olmaqdır. Şaxələndirmədən ixtisaslaşmaya keçidə fiskal siyasət də dəstək verir.

Yeri gəlmişkən, milli xərc prioritetləri ən yüksək prioritet səviyyəsindən ən aşağı prioritet səviyyəsinə doğru qiymətləndirilir. Resurs zərfi məhduddursa, ən yüksək prioritetə malik təşəbbüslərin, ilk növbədə, digərlərinin isə ortamüddətli dövrdə maliyyələşdirilməsi təsdiq edilir.

- Yeni siyasət təşəbbüslərinin büdcədə "ağırlıq" yaratmaması və inflyasiyaya səbəb olmaması üçün nə kimi tədbirlər görüləcək?