Obyektlər saniyələr ərzində çap ediləcək


Digərləri 18 Fev 2020 08:31:00 125 0

Obyektlər saniyələr ərzində çap ediləcək

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) alimləri obyektlərin 3D printerdə çap edilməsini dəfələrlə sürətləndirmək üçün üsul axtarıb tapıblar. Yeni yüksək dəqiqlikli metod 30 saniyə ərzində kiçik, yumşaq predmetlər hazırlamağa imkan verir. Bu haqda "Nature" jurnalında dərc edilmiş elmi məqalədə deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, hazırda 3D çap prosesində, bir qayda olaraq, bir qatın digərinin üzərinə qoyulması üsulundan istifadə edilir. EPFL-dən bildirilib ki, hazırlanmış yeni üsul işığa həssas fotopolimerin müxtəlif bucaqlardan işıqlandırılmasına əsaslanır. Ultrabənövşəyi şüanın təsiri nəticəsində bu maddə tamamilə bərkiyir, qat-qat çap edilmir.

Yeni hazırlama 3D bioçap daxil olmaqla geniş sahələrdə tətbiq edilə bilər. Texnologiya hermetik, steril konteynerlərdə istehsalı nəzərdə tutur ki, bu da, məsələn, toxuma, orqan, eşitmə aparatlarını sürətli və təhlükəsiz şəkildə yaratmağa imkan verir.

İndi sistem iki santimetrlik obyektləri 80 mikrometrədək dəqiqliklə çap etməyə imkan verir. Gələcəkdə alimlər ölçüsü 15 sm-dək olan daha böyük predmetlərin istehsalını araşdırmaq niyyətindədirlər.