"7ci sinfə qədər danışmamışam" Keçmişdəki mən FOTO


Kriminal 17 Fev 2020 07:41:00 147 0

"7ci sinfə qədər danışmamışam"  Keçmişdəki mən  FOTO

Xalq rəssamı Xanlar Əhmədov: "Məqsədim sənət arxasınca getmək yox, pul qazanmaq olsaydı, indi milyoner idim"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

5-6 yaşında danışığında kəkələmə yaranır. Problem o qədər ağır olur ki, bundan çox utanır və artıq danışmamağa qərar verir. 7-ci sinfə qədər danışmır, məktəbdə bütün imtahanlarını yazılı formada verir. Ancaq bir gün qərar verir ki, bu problemi həll etməlidir və məşq edərək bir neçə ay içərisində buna nail olur.

Söhbət rəssam-heykəltəraş, xalq rəssamı Xanlar Əhmədovdan gedir. "Keçmişdəki mən" rubrikamızın qonağı olan X.Əhmədovla bu dəfə onun uşaqlıq, gənclik illərinə nəzər saldıq.

Qeyd edək ki, X.Əhmədov 1946-cı ildə Bakı şəhərində anadan olub.

"Uşaqlıq illərindən danışaq" dediyimdə ilk olaraq məhz danışa bilmədiyi dönəmləri xatırladı: "5-6 yaşım olardı, atamı şərləyib tutdular, 3 il iş verdilər. 3 ildən sonra onun qayıdacağını gözləyirdik. Elə oldu ki, 6-7 ayın tamamında onu buraxdılar. Evə girdiyi an o qədər sevindim ki, danışığımda kəkələmə yarandı. Belə bir hal var ki, uşaq çox sevinəndə, yaxud çox üzüləndə onda kəkələmə problemi yarana bilir. Mən də böyük sevinc qarşısında bu problemə düçar oldum. Əslində, danışa bilirdim, amma çox ağır kəkələmə olduğu üçün utanırdım, ona görə, özümü söndürmüşdüm və danışmırdım. Bu səbəbdən 7-ci sinfə qədər danışmamışam. Orta məktəbdə bütün imtahanlarımı - coğrafiya, tarixdən belə -  yazılı verirdim".

7-ci sinifdə oxuyanda isə kəkələmə problemini özü həll edir: "7-ci sinifdə oxuyanda, sənədlərimi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə vermək qərarına gəldim. Ancaq danışa bilməməyim məni narahat edirdi, utanırdım. Öz-özümə deyirdim ki, məktəbdə hamı bilir ki, danışmıram, indi də texnikumdakılar bunu görəcək. Bu da mənə ağır gəlirdi. Öz üzərimdə eksperiment etməyə başladım. Gördüm ki, dərindən nəfəs alıb danışanda, kəkələmə olmur. Hamıdan xəbərsiz, tək bir yerə çəkilib davamlı olaraq bu cür danışmağı məşq etdim. 3 aya artıq rahat danışdım. Bu üsulla sonra bir neçə kəkələməsi olan uşağın problemini həll etmişəm".

"Acından ölüm, amma rəssam olum"

Uşaqlıqdan rəsmə marağı olduğu üçün bu sahəyə yönəlmək qərarı verir: "Dayılarım başqa sahələrdə çalışsalar da, gözəl rəsm çəkmək qabiliyyətləri var idi. Rəsmə marağım olduğu üçün hər dəfə bizə gələndə deyirdilər ki, gəlin rəsm yarışı keçirək. Həmişə də qalib məni elan edirdilər. Belə-belə rəsm çəkirdim. 5-6-cı sinifdə oxuyanda gördüm ki, sinif yoldaşım Eldar Məmmədovla (əməkdar mədəniyyət işçisi, Aztv-nin baş operatoru) Sadıq Hüseynov (əməkdar rəssam) dərsdən sonra tələsik harasa gedirlər. Sonra özləri dedilər ki, rəsm dərnəyinə gedirik, istəsən, sən də gəl. Mən də onlara qoşulub getdim. Düzü, atam rəssamlığa yönəlməyimi istəmirdi. Onun elektronika ustası olan bir dostu var idi. Deyirdi ki, get onun çamadanını daşı, yanında işlə, öyrən. Dedim ki, acından ölüm, amma rəssam olum".

Rəssamlıq dərnəyində heykəltəraşlıqla tanış olur və bu iş onu öz təsiri altına salır: "Deməli, rəsm dərnəyinə rəssamlığı öyrənmək niyyəti ilə getmişdim. Rəsm müəllimimiz Nadir Axundov arada fasilə verirdi, deyirdi ki, çıxın dəhlizdə gəzin, o biri siniflərdəki dərslərə baxın, qayıdın. Beynimizin açılması üçün bunu edirdi. Fasilə vaxtı açıq qapısı olan bir otağa yaxınlaşdım, gördüm ki, həmyaşıdlarım hamısı heykəl düzəldir. Vaxt mənim üçün dayandı, bilmədim nə qədər orda dayanmışam. Bir də gördüm ki, sinifdən yaşlı bir qadın mənə "Gəl-gəl" dedi. Elə o gəl, bu gəl, mən heykəltəraşlığa bağlandım. Nadir müəllimə dedim ki, həvəsim heykəltəraşlığadır və sonra o sinfə keçdim".

Sonra isə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq üzrə oxuyur: "Bizdən aşağı və yuxarı kurslardan bir-iki nəfər rəssam ancaq yetişirdi, bizdən isə 90 faizi indi üzdədir. Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, 10-a qədər əməkdar rəssam məhz bizim kursda oxuyanlar idi".

Qabiliyyət imtahanında birinci oldum, amma...

İnstitut dönəmində ailəsinə yük olmamaq üçün texnikumda oxuduğu müddətdə pul qazanmağa başlayır: "Texnikumda oxuyanda yay tətillərində rəngsaz işləyirdim. Təmir-tikinti idarəsinə yazılırdım, gedib evləri, balkonları, qapıları rəngləyirdik. Bundan pul qazanırdım ki, gələn dərs ilində özümə nə isə alım. Valideynlərimi xərcə salmayım. İlk qazancım o idi. Texnikumu bitirmək üzrə idim, o ərəfədə qrafik əsərlər çəkməyə başladım. O əsərlərimi görüb "Molodyoj Azerbaydjana" qəzetindən dəvət etdilər ki, gəl sənə vəsiqə verək, təzə rubrika açaq, onu işlə. "Rəssam şəhəri gəzir" adlı rubrika açıldı. O vaxtı Bakıda metro tikintisi yeni başlamışdı. Birinci metroya getdim. Tikinti ərazisinə gedib orda qrafik əsərlər çəkirdim. Həmin əsərlər rubrika ilə yayımlanırdı. Ordan xeyli pul qazandım. Pul yığırdım ki, institut oxuyanda evə əziyyət verməyim".

Ancaq ilk ali təhsil almaq cəhdi uğursuzluqla nəticələnir: "Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən 7-8 tələbə birləşib Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutuna sənəd vermək üçün Moskvaya getdik. Sənəd verəndə, əsərlərimizi də təqdim edirdik. Əsərlərimi görəndə dedilər ki, siz hazır rəssamsınız, niyə institut oxumaq istəyirsiniz? O mənada dedilər ki, instituta qəbulda yer sayı məhdud idi, başqa tələbələr orda öyrənə bilərlər. Nəysə, sənədləri qəbul etdilər, imtahan verməli olduq. Hərəmiz bir sahə üzrə imtahan verirdik. Mən heykəltəraşlıq üzrə qabiliyyət imtahanında birinci oldum, institutda hamı məni təbrik edirdi, evlə əlaqə saxlayıb qəbul olduğumu demişdim. İkinci mərhələdə isə, rus dilində ifadə yazmalıydıq. Mənimlə gedən yoldaşlardan İsmayıl Məmmədov rus sektorunu qurtarmışdı, mən Azərbaycan dilində oxumuşdum. İsmayıl dedi ki, mən onsuz da keçmirəm, qiymətim aşağıdır, sən birinci yerdəsən, gəl sənin adından mən yazım, mənim adımdan da sən. Yazdıq, o 4 aldı, mən 3. Yenə birinciliyimi saxlayırdım. Növbəti mərhələdə isə SSRİ tarixindən imtahan verdik. Biletə Sovet İttifaqı Kommunist Partiyasının 6-cı qurultayı düşdü. Cavablandıra bilmədim, "2" yazdılar.

5 nəfəri elə adamlar tapşırmışdı ki...

Sənədlərimizi götürməyə gedəndə, institutun işlər müdiri olan qadın dedi ki, sən sənədlərini götürmə. Əsəbi idim, dedim sənədlərimi verin, bir də gəlməyəcəm. Bakıya qayıtdım, ancaq elə həmin il qışda Moskvaya sərgiyə gedəndə dedim ki, orda bizimlə imtahan vermiş yoldaşlara da baş çəkim. İnstitutda işlər müdiri qadınla qarşılaşdıq, tanıdı. Dedi ki, sənə dedim axı sənədlərini götürmə. Bildirdi ki, həmin vaxt qəbul yeri 5 olub, sona isə 6 nəfər qalıbmış. Dedi ki, o 5 nəfəri elə adamlar tapşırmışdı ki, onları qoyub səni keçirə bilməzdilər. Hətta dedi ki, tarixi əzbər də desəydin, sənə 2 yazılacaqdı. Ancaq universitetdə bilirmişlər ki, onlardan yarımçıq qoyanlar olacaq, ona görə təklif ediblər ki, sənədlərimi götürməyim. Həqiqətən də 2 nəfər qısa müddətdə təhsilini yarımçıq qoyub, ona görə də məni axtarıblar, sənədlərimi götürdüyüm üçün əlaqə saxlaya bilməyiblər. Dedilər ki, gələn il gəl, ola bilər ki, səni imtahansız qəbul etdik. Ancaq sonra ürəyimdə problem yarandı deyə, həkimlər dedilər ki, Rusiya tərəfə getmək olmaz. Məcburən Daşkənd Teatral-Bədii İnstitutunda təhsil aldım. Daha sonra Moskva Rəssamlıq Akademiyasında aspirantura təhsili aldım. Həmin müddətdə də Rusiyada çalışdım".