Çəpər əyriliyi, yoxsa estetik əməliyyat? Araşdırma


Digərləri 17 Fev 2020 07:14:00 175 0

Çəpər əyriliyi, yoxsa estetik əməliyyat?  Araşdırma

70-80 faiz insanda burun çəpəri əyriliyi olsa da, heç də hamıda əməliyyata ehtiyac yoxdur

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Burun əməliyyatı etdirənlərin 90 faizi deyir ki, məndə çəpər əyriliyi var idi, əsas ona görə əməliyyat etdirdim. Dedim olmuşkən, estetik də olsun".

"Burnunu estetik əməliyyat etdirir, soruşanda, "burun çəpərim əyri idi, ona görə etdirdim" deyir".

Düzdür, Azərbaycanda ən çox aparılan estetik əməliyyat burun əməliyyatıdır. Dünyada isə ən çox müraciət edilən estetik əməliyyatlar sırasındadır. İşin estetik tərəfini inkar etmək olmaz, ancaq burun çəpəri əyriliyi probleminə çox insanda rast gəlinir. Hətta statistik rəqəmlərdə 70-80 faiz insanda burun çəpəri əyriliyi problemi olduğu bildirilir. Yəni heç də hər kəs estetik məqsədlə əməliyyat etdirmir.

Maraqlıdır, çəpər əyriliyinin çox olmasının səbəbi nədir? Travma almayan adamlarda da çəpər əyriliyi problemi niyə olur? Bütün çəpər əyriliklərində əməliyyata da ehtiyacı yoxdur. Bəs hansı halda əməliyyat edilməlidir? Bu istiqamətdə suallar çoxdur.

Səbəbləri

Lor-estetik-cərrah Pərviz Aslanov burun çəpəri əyriliyini yaradan səbəblərin müxtəlif olduğunu bildirdi: "İlk olaraq genetik faktoru qeyd etmək istərdim. Çünki anadangəlmə də bu problem olur. Amma bunun səbəbi tam məlum deyil. Genetik kodda olan fərqliliklər özünü büruzə verir. Bir də doğuş zamanı doğum kanalından keçərkən uşağın burnu travma ala bilər.

Burun çəpəri əyriliyinin əsas səbəblərindən biri travmalardır. Hər yaşda alınan travma nəticəsində burun çəpərində problem yarana bilir. Bəzən uşaq yıxılanda valideynlərin xəbəri olmadan burunda deformasiyalar əmələ gəlir.

Burun çəpəri sümük və qığırdaq hissələrdən ibarətdir. Boyatma və inkişaf zamanı qığırdaq və sümük hissələrinin inkişafı qaydasında getmədiyində, bu, burun çəpərinin düzgün formalaşmamasına səbəb olur. Bu da burun çəpəri əyriliyinin ən çox təsadüf edilən səbəblərindən biridir.

Eyni zamanda, burun polipləri, tez-tez təkrarlanan, uzun sürən zökəm xəstəliyi, uşaqların burnunda yad cismin uzun müddət qalması burun çəpəri əyriliyinə səbəb ola bilər".

Yeni dünyaya gəlmiş uşağın burnu enli olduğunda, "gündə bir neçə dəfə əlinlə burnunu sıx, enli olmasın" deyirlər. Bu uşağın burnuna hər hansı zərər vura bilərmi? Lor-cərrah Məzahir Quliyev deyir ki, uşaq anadan olanda, ola bilər ki, üzü üstə qalar, o vaxt da burun həssas olur, kənardan bir az enlənmə ola bilər. Bunu hiss edəndə əlinə dəstək olub bir az sıxa bilərsən. Amma uşağın burnu böyükdür, enlidir, əlinlə sıx düzəlsin, belə bir şey yoxdur".

Əməliyyat nə zaman zəruri olur?

Bəs hansı halda çəpər əyriliyi zamanı əməliyyata ehtiyac yaranır? Pərviz Aslanov bildirdi ki, əməliyyata ehtiyac olub-olmadığı müayinə zamanı müəyyənləşdirilir: "İlk olaraq burun daxilinə burun güzgünləri ilə baxılır. Buna rinoskopiya deyilir. Endoskopik müayinələr aparılır. Bəzən rentgen, kompüter tomoqrafiyasına da ehtiyac olur. Burunda hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya müayinəsi də aparıla bilər".