İtaliyada turistlərə maraqlı ola biləcək məkanlar


Digərləri 17 Fev 2020 07:07:00 171 0

İtaliyada turistlərə maraqlı ola biləcək məkanlar

https://azertag.az/xeber/Italiyada_turistlere_maraqli_ola_bilecek_mekanlar-1415915

İtaliya səyahət arzusunda olduğunuz ölkələrdən biridirsə, onda klassik istiqamətlərdən və yerlərdən qaçmaq maraqlı olar. Yəni tək Roma, Venesiya, Florensiya və ya Milanla kifayətlənməyin. Bu yazıda turistlərə maraqlı ola biləcək daha 10 istiqamət barədə məlumatlar verilir.

Pozitano. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pozitano İtaliyanın cənubunda, Amalfi sahillərində yerləşir. Möcüzəvi coğrafiyası, romantik dəniz sahilləri və sürrealist mənzərəsi ilə bu şəhər xəyal qurmağı sevən insanların cənnətidir. Bir təpənin kənarında yerləşən evləri bütöv bir pastel rəng palitrası və çoxlu otel, moda butikləri və restoranların olduğu dik küçələri hər kəsin diqqətini cəlb edir. Boz rəngli qum ilə örtülmüş "Spaggia Grande" çimərliyi möhtəşəm bir mühit təqdim edir. Bölgəyə xas olan limonçello likörü içərək qürub çağını zövqlə izləmək olar.

San-Ciminyano. Orta əsrlərə qayıtmaq istəyənlər üçün qalaların və dolanbac küçələrin bol olduğu San-Ciminyano İtaliyanın qəlbindəki Toskana bölgəsində yerləşir. Burada XI əsrə aid 15 qala təpələrdə ucaldılıb. Bu bölgə, habelə İtaliyanın ən yaşıl ərazisidir. Müasir incəsənət üçün isə Avropanın ən yaxşı qalereyalarından biri olan "Gallerie Continua"ya baş çəkmək və tarixi küçələri araşdırmaq məsləhətdir. Bu küçələrdə yerli mətbəx nümunələrini təqdim edən ailə restoranları da fəaliyyət göstərir.

Kataniya. Dünyanın ən aktiv vulkanlarından biri - Etnanın qəyyumluğundakı Kataniya şəhəri mütləq görülməli yerlərdən biridir. İlk baxışdan qonağı heyrətləndirən səs-küyə və xaosa baxmayaraq, onun küçələri tarixlə doludur. Mütləq Etnaya qalxmaq və Massimo Bellini Teatrında əsl italyan operasını görmək lazımdır.

Lukka. Bu cazibədar qədim şəhər zəngin tarixi, gözəl kilsələri və əla restoranları ilə ilk baxışdan diqqət cəlb edir. Orta əsrlərin divarları arxasında gizlənmiş şəhər Toskana regionunun strateji şəhərlərindən birincisidir. XI əsrdə qurulmuş "Catedrale di San Martino"nun heyranedici fasadı ilə tanış olmaq, hündürlüyü 45 metr olan Cinidji qülləsinin 230 pilləsinə qalxmaq və bölgənin heyrətamiz mənzərələrini izləmək burada ediləsi ən vacib işlərdir.

Ravello. Dənizlə əhatələnmiş, heyrətamiz topoqrafiya ilə terraslardakı inanılmaz qayalarla, fantastik rənglər və bol bitki örtüyü olan bağlarla bəzənmiş Ravello İtaliyanın ən gözəl şəhərlərindəndir. Burada göy və dəniz böyük bir mavi və sonsuz üfüqdə birləşir. Məhz bu yerlərdə bir insan həqiqətən kainatın gözəlliyi qarşısında özünü kiçik hiss edir, var olduğuna görə minnətdar olur və xoşbəxt olur.

Portovenere. La Spezia bölgəsində yerləşən bu kiçik şəhər buxtanın fantastik mənzərələri, tarixi binalarının inanılmaz gözəlliyi, gözəl sahil zolağı, çimərlik, restoran və Aralıq dənizi mətbəxi ilə məşhurdur. Portovenere şəhərinin simvolu San Pietro kilsəsidir. Bu kilsə mərmər interyeri və qeyri-adi bayır görüntüsü ilə heyran qoyur.