"Məqsədim şagirdlərimə düşünməyi öyrətməkdir" Örnək FOTO


Digərləri 17 Fev 2020 05:30:00 157 0

"Məqsədim şagirdlərimə düşünməyi öyrətməkdir"  Örnək  FOTO

Ucqar kənd müəllimi Faiq Şıxəlizadə: Ayaqqabılarımızı məktəbdə qoyur, evdən məktəbə və geriyə rezin qaloşla, çəkmə ilə gedirik

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Lənkəranın ən ucqar kəndlərindən birində coğrafiya müəllimidir. Hava şəraiti, düşüncə fərqliliyi onu incitsə də, təhsilli uşaqlar yetişdirməyi özünə borc bilir. Məqsədi öz düşüncələrini şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir. Müsahibimiz kənd müəllimi Faiq Şıxəlizadədir.

Faiq Lənkəranda anadan olub. Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasını bitirib. Hərbi xidməti bitirdikdən sonra MİQ (Müəllimlərin işə qəbul) imtahanı ilə Lənkəranın ən ucqar kəndi Türkəncil kənd orta məktəbində coğrafiya müəllimliyinə təyinat alıb.

Kənd rayon mərkəzindən 47 km aralıda və 1200 metr yüksəklikdə yerləşir. Müəllim deyir ki, maşınlar qış aylarında kəndə gedə bilmir. Vacib hallarda xüsusi maşınlardan istifadə edirlər. Müsahibimiz də gedib-gəlməkdə çətinlik çəkdiyi üçün kənddə kirayə evdə yaşayır.

Faiq müəllim deyir ki, imtahanlardan yaxşı nəticə toplasa da, könüllü şəkildə dağ kəndi məktəbini seçib. Düşünür ki, müəllim öz rahatlığı üçün deyil, təhsil vermək, ehtiyacı olana faydalı olmaq üçün çalışmalıdır: "Müəllimlik müqəddəs sənətdir. Mən də ilkin mərhələdə kənd məktəbini seçdim ki, ixtisasımın çətinliyini dərk edim. Kəndlərdə müəllimlərə daha çox ehtiyac var. Şəhər məktəblərində isə şagirdlərin çətinliyi olmur. Əslində oranı seçənə qədər necə kənd olduğu, şəraiti barədə məlumatım az idi. Sadəcə, ucqar kənd olduğunu bilirdim. İnternetdə araşdıranda yazılmışdı ki, asfalt çəkilib. Düşündüm ki, rahat gedib-gələcəm. Lakin infrastruktur imkan vermədiyi üçün asfalt sadəcə işlək yola çəkilib. Qeydiyyat zamanı da direktorla söhbət etdik. Direktor dedi ki, hər gün geri qayıtmaq mümkün olmayacaq. Kəndə ilk dəfə gedəndə, bizim maşın yolun yarısında dayandı. Yol yox idi. Kənddə qalmalı olduq".

"Şəhərdən gələn müəllim ümid işığı idi"   Həmsöhbətimiz deyir ki, kənddə müəllimə hörmət edir, xilaskar hesab edirlər: "İlk dəfə sinfə girəndə şagirdləri çox sevdim, ədəb-ərkanlı idilər. Həm də fərqli yerdən gələnlərə qəribə baxışla baxırdılar. İstər valideynlər, istərsə də şagirdlər üçün şəhərdən gələn müəllim ümid işığı idi. Məktəbə gedəndə yolda tanıyan-tanımayan hər kəs o qədər doğma salam verirdi ki... Kənddə şagirdlər kənd təsərrüfatı ilə məşğul olur, qayğını ancaq məktəbdə görürdülər. Kəndin şagirdləri də zəhmətkeşdirlər. Səhər məktəbə gəlir, dərsdən çıxıb işləməyə gedir, axşam dərsini öyrənir, səhər yenə də məktəbə gəlirlər. Müəllimdən qayğı gördükdə, məktəbə gəlməyə can atırlar".

Faiq uşaqlıqdan müəllim olmaq istəyib. Deyir ki, uşaqlıqdan müəllimlərində gördüyü yaxşı xüsusiyyətləri özündə cəmləyib ki, gələcəkdə şagirdlərinə aşılasın: "Şagird olduğum dövrdən bu peşəyə marağım, sevgim var idi. Müəllimlərimə baxır, hər müəllimdən yaxşı xasiyyət götürürdüm. Deyirdim, müəllim olsam, bunu tətbiq edəcəm. Yaxud özümə xoş gəlməyən hansısa müəllimin hərəkətlərini gələcəkdə etməyəcəyimə qərar verirdim. Daha sonra kurs müəllimimdən motivasiya aldım. İdealım idi ki, mən də belə müəllim olacam. Şagirdlərə yorulmadan izah edəcəm. Artıq universitet illərində daim araşdırır, öyrənir, bildiklərimi kiməsə öyrətmək istəyirdim. Ucqar kəndə də gəlməkdə məqsədim o idi ki, şagirdlərin dünyagörüşlərini inkişaf etdirim, həyata baxış tərzlərini dəyişim. Həm onların, həm də öz xalqımın gələcəyini arzuladığım kimi görmək istəyirdim. Bunun da özəyi, əsası şagirddən və müəllimlikdən başlayır. Gələcəyi ancaq müəllimlər dəyişə bilər. Mən də düşünürdüm ki, şagirdlərə örnək olacam. Məqsədim öz düşüncələrimi şagirdlərə öyrətmək deyil, onlara düşünməyi öyrətməkdir".