Gizli şirk necə olur?


Digərləri 16 Fev 2020 23:40:00 158 0

Gizli şirk necə olur?

İmam Cəfər Sadiq (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, yaxşı işi gizlində yerinə yetirsin, məgər o halda ki, Allah onu, onun üçün zahir edər".

Əgər tarixə nəzər salsaq görərik ki, Məsum İmamlar (ə) yoxsul insanlara sədəqə verən zaman gizli şəkildə verərlərmiş. Onlar adətən gecə yeməklə dolu olan kisəni çiyinlərinə götürər və yoxsulların evinə elə aparardılar ki, heç kəs görməsin. Halbuki, bu işi gündüz də görmək olardı. Ancaq bu zaman həmin sədəqə zahir olar və insanlar ondan xəbər tutardılar.

Ona görə də həqiqi mömin əgər malını infaq etmək istəyirsə, gərək onu gizlində etsin, çünki aşkar olan zaman insanı riyaya sala bilər. Yəni, gördüyü bu saleh əməl ancaq Allah tərəfindən bilinməlidir, insanların onu bilməsi lazımlı deyildir. Çünki sədəqənin əcrini azaldır.

Alimlərin bir çoxunun yaşayan zaman yoxsullara əl tutması gizli olardı və ancaq vəfatından sonra bilinərdi ki, yoxsullara sədəqə verən məhz bu bəndə imiş.

Allah Təala buyurur: "Mən ən yaxşı şərikəm. Hər kim Məndən qeyrisi üçün əməl yerinə yetirərsə və Məndən qeyrisini şərik edərsə, onun əməlini qəbul etmərəm".

İmam Sadiq (ə) buyurur: "Hər kim riya məqsədi ilə insanlara özünü göstərərsə, savabını gərək insanlardan tələb etsin. O kəs ki, ancaq Allah üçün əməl yerinə yetirər, savabı da Allah Təala tərəfindən olar".