Ağızdan gələn pis qoxu hansı xəstəliklərə işarədir?


Digərləri 16 Fev 2020 23:25:00 153 0

Ağızdan gələn pis qoxu hansı xəstəliklərə işarədir?

Ağızdan gələn pis iy insanın ətrafdakılardan utanmasına, kompleks yaşamasına səbəb olur. Bu problem çox vaxt gigiyena qaydalarına əməl olunmamaqdan, çürük dişlərdən qaynaqlansa da, bəzi xəstəliklərin olmasına da işarədir.

Araşdırmalara görə, hər 4 nəfərdən birinin ağzından pis qoxu gəlir. Diş əti xəstəliklərini, siqaret çəkməyi də pis qoxunu yaradan səbəblər sırasında göstərirlər.

Tütün diş əti xəstəliyini artırdığı üçün ağızdan gələn pis iyi daha da gücləndirir. Eləcə də, dişlərə yapışıq qalan qidanın parçalanması, dişlərin yaxşı təmizlənməməsi iyin yayılmasına gətirib çıxarır. Soğan və sarımsaq, onlardan hazırlanan qidalar da kəskin pis qoxunun yaranmasına səbəb olur.

Tüpürcək ağız boşluğunu təmizləyir. Bu səbəbdən də ağız quruluğu kimi spesifik bir xəstəlik xoşagəlməz qoxunu yaradar.

Ağızdan pis qoxu gəlməsin deyə, təbii ki, dişlər düzgün qaydada fırçalanmalı, ağız boşluğu gigiyenasına əməl olunmalıdır. Dişlər müntəzəm fırçalanmırsa, dişləri bakteriya təbəqəsi örtər. Bakteriya təbəqəsi diş ətlərinin iltihabına səbəb ola bilər. Eləcə də, bəzi dərman vasitələrinin qəbulu ağızdan xoşagəlməz iyin gəlməsilə nəticələnər.

Ağız gigiyenasına əməl olunduqdan, siqaret də çəkilmədiyi halda, yenə də ağızdan pis qoxu gəlməyə davam edərsə, həkimə getmək məsləhət olunur. Belə ki, ağızdan gələn pis qoxu ciddi xəstəliklərin əlaməti olaraq meydana çıxa bilər. Ağızdan gələn kəskin, xoşagəlməz qoxu yuxarı tənəffüs yollarının yoluxmasına da işarədir. Kəskin və ya xroniki tonzillit, angina, difteriya və yolxucu mononukleoz kimi xəstəliklər zamanı ağızdan pis iy gələ bilər. Öskürək ilə üfunətli bəlğəmin ifraz olunması isə ağ ciyərlərin irinli iltihabının əlamətidir.

Burunda yad cismin qalması da ağızdan gələn pis iyə səbəb olur. Bəzən uşaqlar bilmədən xırda detalları, kürəciklər, meyvə çəyirdəklərini və s. kimi kiçik qida hissəciklərini burunlarına salırlar və çıxara bilmirlər. Burunda ilişib qalan xırda əşyalar sonradan burun-nəfəs yollarından daha da dərinlərə gedir. Xoşagəlməz iylə yanaşı bu zaman insan asqırır və ağrı hiss edir.