Buraxılış və sınaq imtahanları başa çatıb


Digərləri 16 Fev 2020 16:50:00 158 0

Buraxılış və sınaq imtahanları başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 26 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

DİM-dən Son.az-a bildirilib ki, imtahanların idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə (3 fənn) aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Buraxılış imtahanında isə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə:

- tədris dili fənni üzrə 30 (oxuyub-anlamaya dair 2 mətn, hər mətn üçün 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı tipli tapşırıq), dil qaydalarına dair 10 qapalı tipli tapşırıq);

- riyaziyyat fənni üzrə 25 (həllin yazılması tələb olunan 7 açıq tipli tapşırıq + 5 ənənəvi tipli açıq tapşırıq + 13 qapalı tipli tapşırıq);

- xarici dil fənləri üzrə 30 (dinləyib-anlama mətninə dair 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) + oxuyub-anlama mətninə dair 8 tapşırıq (4 qapalı + 4 yazı tələb olunan açıq) + 16 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim edilib.

Fevralın 17-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq.