"Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu hamıya inandırmağı bacardı"


Siyasət 16 Fev 2020 15:02:08 103 0

"Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana aid olduğunu hamıya inandırmağı bacardı"

Prezident İlham Əliyev öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi.

Son.az bildirir ki, bunu Trend-ə deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi:

"İlk dəfə idi ki, problem haqqında belə açıq müzakirələr aparıldı və bütün qlobal informasiya resurslarının diqqəti məhz bu panel müzakirələrinə fokuslanmışdı.

Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiyiyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır.

Bunlar əsl siyasi lider keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər. Müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi. Əminəm ki, bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını istər tarixi, istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycana aid olduğuna inandırmağı bacardı. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurulan siyasi sillə idi: birincisi, "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox", ikinci isə, "Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq". Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarış idi ki, biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik".