Sevgi adı ilə soyğun həftəsi davam edir:


Digərləri 16 Fev 2020 14:57:00 156 0

Sevgi adı ilə soyğun həftəsi davam edir:

Fevralın 14-də müxtəlif ölkələrdə "Sevgililər günü" (Müqəddəs Valentin Günü) qeyd olundu. Hər il olduğu kimi, bu dəfə də qeyd edilən gündə kimlərsə əyləndi, kimilərsə də artıq pul qazandı. 

Bunlara keçməzdən öncə qısa məlumat verək ki, Azərbaycanda da bu günü qeyd edənlər var. Lakin "Sevgililər günü" ilə bağlı münasibətlər birmənalı deyil. Bildirilir ki, bu "bayram" yalnız müxtəlif biznes kooperasiyalarının, işbazların işinə yarayır. Bu  günün qeyd edilməsi də onların təbliğat maşınlarının işinin nəticəsidir.

Bu ilin tarixi ilə bağlı hər il yazıldığı üçün yenidən xatırlatma etmirik. "Sevgililər günü" dünyada daha çox qazananlar gül mağazaları olur ki, Bakıda da oxşar hal yaşanıb. Fevralın 14-də  Antalyadan Hollandiya da daxil olmaqla 27 Avropa ölkəsinə 6,5 milyon dollar dəyərində gül ixrac edilib.

Bu barədə yazan fed.az saytının məlumatına görə, Türkiyənin Dekorativ Bitki İxracatçıları Birliyinin prezidenti Harun Yetər "Sevgililər günü" səbəbiylə qiymətlərin iki qat artdığını bildirib.

Harun Yetər açıqlamasında "Antalya, Türkiyədəki çiçək ixracatının 95%-ni qarşılayır. 6 min hektar sahədə 30 min adama məşğulluq təmin edilir. Çiçəklərimizin dünyanın 27 ölkəsinə ixrac edirik. Bu il, "Sevgililər günü" ilə əlaqədar Hollandiya, İngiltərə, Ukrayna, Almaniya və Rumıniya da daxil olmaqla 27 ölkəyə cəmi 60 milyon çiçək ixrac edilib", - deyə bildirib.

Son.az bildirir ki, musavat.com-un əməkdaşı "bayram"dan bir gün sonra mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Sosial şəbəkələrdən və mağazalarda aldığımız məlumatlardan belə başa düşdük ki, bu il ölkədə daha çox gül və telefon satışı həyata keçirilib. Elə ən çox bahalaşan da məhz bu iki məhsul olub. Xırda telefon mağazalarında (həmin mağazalar telefonları adətən iri texnologiya mağazalarından 30-40 manat ucuz satırlar) qiymət artımı hələ də davam edir. Daha çox metronun "28 May" stansiyasının yaxınlığında yerləşən bu mağazalarda telefonlar 15-20 manat bahalaşıb. Lakin satıcılar bahalaşmanı "Sevgililər günü" ilə deyil, koronavirusla əlaqələndirirlər. Bildirdilər ki, bahalaşma 14 fevraldan başlayıb. Səbəb isə əllərində olan malların satılması, tələbatın artması ilə əlaqədardır. Satıcılar söylədilər ki, bu kimi qiymət artımı davam edə bilər. Çünki koronavirus səbəbindən Çindən mal gətirə bilmirlər, sifarişləri isə gecikir...