"Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmədi"


Siyasət 16 Fev 2020 09:28:16 132 0

"Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmədi"

Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə qızıl hərflərlə yazıldı.

Son.az xəbər verir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirələr ölkə başçımızın opponenti qarşısında bir çox istiqamətlər üzrə master-klas keçməsi ilə yaddaşlara həkk olundu:

"Cənab Prezidentimiz həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlis ingiliscə danışmağı, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktlarla yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını həyata keçirdi. Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə əslində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu. Bu, bir debatdan daha çox dərs mahiyyəti daşıyırdı. Ermənistan rəhbərliyinə münaqişənin tarixi, hüquqi və siyasi aspektlərini öyrədən və ya xatırladan bir dərs..."

E.Mirbəşir oğlu əlavə edib ki, hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmədi: "Dövlət başçımız XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqq-ədalətin təntənəsi idi".

Politoloq qeyd edib ki, Xankəndinin keçmiş tarixini xatırlatmaqla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu obyektiv şəkildə əsaslandıran Prezident İlham Əliyev təqribən 10-15 dəqiqəlik çıxışı ilə 100 ilin erməni yalanlarını Münhen tribunasında ifşa etdi.