Çağdaş ədəbiyyatımızın


Kriminal 15 Fev 2020 16:07:00 190 0

Çağdaş ədəbiyyatımızın

Son.az Kulis.az-a istinadən çağdaş Azərbaycan poeziyasının 10 ən yaxşı sevgi şeirini təqdim edir.

1. Əli Kərim - Qayıt

2. Bəxtiyar Vahabzadə - Bir salama dəymədi

3. Nəbi Xəzri - Dəniz, göy, məhəbbət

4. Nəriman Həsənzadə - Elə dayanırsan, elə baxırsan...

5. Musa Yaqub - Taleyin qisməti

6. Eldar Baxış - Sərçə balası

7. Nüsrət Kəsəmənli - Getmək istəyirsən...

8. Ramiz Rövşən - Ayrılıq

9. Vaqif Bayatlı Odər - Səni niyə belə sevdim

10. Aqşin Yenisey - Şəkil

Əli Kərim - Qayıt

Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun, Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halını soruş, könlümü dindir; Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm evə, Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, sahmana sal bu kainatı!

Bəxtiyar Vahabzadə - Bir salama dəymədi

Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Həyəcanla, fərəhlə, qəmlə dolu o illər Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salamını qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım: ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!... Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm, Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? Getdin, dalınca baxdım, can ayrıldı canımdan, Sən necə etinasız ötə bildin yanımdan, Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, Sənin qəlbin əsmədi. Geriyə də baxmadın! Niyə sənin yolunu məhəbbətin kəsmədi?... Qazancımız de, bumu? Deyilməmiş o salam əlvidamız oldumu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Nəbi Xəzri - Dəniz, göy, məhəbbət

- Dənizi hədiyyə verirəm sənə... Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə. - Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldıq qəribə hədiyyələrlə, Göylər eşqim kimi mənə əzizdir. Ayrıldıq dənizlə, ağ ləpələrlə, Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə, Gəldiyim sahilə gələsən bir də. Məni görməyəndə o mənəm - deyə, Mənimlə danışıb, güləsən bir də.

- Əgər görüşməsək, bizə dağ olar, Dedim, neçə dəfə belə dedim mən. Dəniz sahilinə qayıtmaq olar, Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir, Coşar ümman kimi təzə arzular. Mənim dalğalarım xatirələrdir, Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir, Mən ki, adlayıram çölü, çəməni. Mənim dalğalarım, xatirələrdir, Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin, gələrəm dəniz kimi. Üzünə incilər çilərəm sənin, çilərəm dəniz kimi. Yoluna şəfəqlər səpərəm hərdən səpərəm dəniz kimi. İstəsən üzündən öpərəm hərdən, öpərəm dəniz kimi. Adını qəlbinin sahillərinə yazaram dəniz kimi, "Sevirəm" söyləsən bir axşam mənə, Susaram dəniz kimi, Susaram dəniz kimi.

Nəriman Həsənzadə - Elə dayanırsan, elə baxırsan...

Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol... Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz , arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?

Musa Yaqub - Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir birimizi, Xatirəm yadında qalmayacaqsa, Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa, Sən Allah, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni. Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə, Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm Bir azda sadəlövh uşaq kimiyəm, Bala anasına qovuşan kimi, Leylək yuvasına qovuşan kimi,

Ari gül çiçəyə uyuşan kimi, Eh, mən də adama tez yovuşanam, Sevgi atəşində tez alışanam. Amma ki, sönməyim çox çətin olur,

Sevgidən dönməyim çox çətin olur, Öyrətmə özünə öyrətmə məni! Bəlkə gözləmirdik bu xoş görüşü, Yaman qəribədir dünyanın işi,

Heç vaxt yollarında dayanmadığın, Heç həndəvərində dolanmadığın, Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur!