Onlar belə sevdilər


Kriminal 14 Fev 2020 19:21:00 232 0

Onlar belə sevdilər

Son.az Kulis.az-a istinadən 14 fevral - Sevgililər günü münasibəti ilə yazıçı-şairlərimizin sevgi hekayətlərini təqdim edir.

Aşıq Ələsgər

Məşhur dastandan bildiyimiz kimi, Səhnəbanı adlı qızı sevib. Kasıb olduğuna görə, qızı ona verməyiblər. Aşıq Ələsgərin Səhbnəbanıya həsr etdiyi şeiri də var.

Deyilənə görə, Aşıq Ələsgər ölüm ayağında olanda ondan nə istədiyini soruşurlar? Aşıq cavab verir: "Səhnəbanını görmək istəyirəm." Qohumlardan biri sənətkarın bu sözünü Səhnəbanıya çatdırır. Səhnəbanı heç nədən çəkinmədən ağlaya-ağlaya Ələsgərin görüşünə gəlir. Ancaq aşığın bu işə görə qohumlarına acığı tutur: "O, məni belə görsün demədim, mən onu görmək istəyirəm dedim!"

Mikayıl Müşfiq

Müşfiq ilk baxışdan vurulduğu Dilbəri Azərbaycan Pedaqoji Universitetinin buraxılış gecəsində görüb. Gecədən əvvəl şair koridorda, pəncərənin qarşısında durubmuş. Dilbər əmisi arvadı ilə onlara yaxınlaşır. Əmisi arvadı Müşfiqi tanıyırmış. O, Dilbərlə Müşfiqi tanış edir və nağıla bənzər eşq macərası beləcə başlayır.

Səməd Vurğun

Səməd Vurğunun Dürrə adlı bir qıza aşiq olub. Ancaq Dürrə ona getməyib, bir prokurorla ailə qurub. Səməd tanınmış şair olanda hansısa tədbirdə Dürrə və onun prokuror əri ilə qarşılaşır. Yan keçir. Dürrə şairin eşidəcəyi səslə deyir:

- Səmədi mən şair elədim!

Səməd Vurğun çevrilib, deyir:

- Şair edənsən, yanındakı öküzü də elə, kəramətini görək!

Aşıq Şəmşir

Gəncliyində Sənəm adlı bir qızı sevib, amma qovuşmayıblar. İllər sonra oğlu Qəmbər müəllim bu söhbəti eşidib atasından soruşur. Atası danmır, deyir, elə bir sevgim var idi, amma ilahi bir sevgi idi. Şəmşir öləndən sonra Sənəm gedib onun qəbrinin üstündə ağlayırmış. Aşığın qırx mərasimi günü isə Sənəm də dünyasını dəyişir.

Mirzə İbrahimov

Əslən cənubdan olan Mirzə İbrahimov yetim, kimsəsiz gənc imiş. Varlı, şöhrətli ailədən sevdiyi qız ona uzun müddət "yox" deyib. Nəhayət işə Səməd Vurğun qarışıb. Qızın da, ailənin də razılığını Səməd Vurğun alıb. Mirzə İbrahimovun ailə qurub ev-eşik yiyəsi olmasına Üzeyir Hacıbəyov da yaxından kömək edib.

İlyas Əfəndiyev

İlyas Əfəndiyev Tövsiyyə adlı həyat yoldaşını ədəbi görüşlərin birində görüb və ona aşiq olub. Yazıçı erkən vəfat edən həyat yoldaşından sonra düz 50 il - ömrünün sonunacan ailə qurmayıb.

İsmayıl Şıxlı

Sevdiyi qızı düz 7 il ona verməyiblər. Qohum olsalar da aralarında qan düşmənçiliyi varmış. Evə elçi gələndə qızın atası çıxıb gedirmiş. Milli adət-ənənədən əziyyət çəkən bu sevgi çox çətinliklə xoşbəxt sonluğa çata bilir.

Hüseyn Arif

Ağstafada qonşu yaşadıqları Aşıq Mirzənin qızı Bənövşəni sevib. Ancaq əsgərliyə gedib gəlincə Bənövşə ailə qurub və boşanıb. Hüseyn qayıdıb qızı istədiyini deyəndə, sirr açılıb və o, Bənövşə ilə evlənməkdən vaz keçib. Bənövşə ömrünün sonunacan tək yaşayıb. Hüseyn Arifin şeirlərindəki nakam sevginin obyekti bu qadındır.

Əli Kərim

Altay Məmmədovun "Tanıdığım Əli Kərim" kitabında yazır: "Günlərin birində Əli ilə Bakı kəndlərinin birinə yolumuz düşdü. Möhkəm isti id. Küçə aşağı enəndə qarşımızdan bir qız keçdi, baxdım ki, Əlinin rəngi avazıdı. Nə qədər elədim, o qız haqqında mənə heç nə demədi. Amma hiss etdim ki, bu qız onun həyatından ilk məhəbbət kimi ötüb keçib. Sonra mən Əliyə nə qədər elədim, o, həmin küçəni axıra qədər getməyib geri qayıtdı."