"Türkiyədə mahnını partlat, heç araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya..."


Şou-biznes 13 Fev 2020 19:39:00 183 0

"Türkiyədə mahnını partlat, heç araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya..."

Türkiyə əhalisinə görə Azərbaycandan qat-qat böyük ölkədir. Ona görə də burada məşhur olmaq Azərbaycandan daha çətindir. Bu istəyinə nail olmayanların isə bir bəhanəsi var: türklər azərbaycanlıları qəbul etmir, saymır, nə bilim daha nələr. Məncə, bu, Türkiyədə heç nə edə bilməyib, səbəb axtaranların bəhanəsidir.

Son.az  xəbər verir ki, bu sözləri mediapress.az-a hazırda Türkiyədə uğurlu solo fəaliyyət göstərən müğənni Nigar Muharrem deyib.

- Azərbaycan müğənnisi üçün Türkiyədə işləmək nə dərəcədə rahatdır? Çünki bəzi müğənnilərimiz iddia edir ki, orada azərbaycanlıları bəyənmirlər, bizim müğənniləri sıxışdırırlar. Hətta "onlar heç vaxt bizimkiləri qəbul etməyəcək" kimi stereotip var.

- Bu, belə olsaydı, mən artıq Türkiyənin 5 ərazisində konsert verə bilməzdim. Konsertin birinə 200, digərinə 800 nəfər gəlməzdi. Ən çox tamaşaçı "Sparta"da təşkil olunan konsertdə yığıldı. Məkan sahibi hətta dedi ki, bu 800 nəfər sırf sənə görə gələnlərdir. Yəni adəti üzrə bütün konsertlərə gələn tamaşaçılar deyil, sırf sənin dinləyicilərindir.

Doğrusu, heç burada məndən milliyət soruşan da yoxdur. Hətta azərbaycanlı olduğumu biləndə, bəziləri təəccüb də keçirir. Yəni dinləyici səni milli mənsubiyyətinlə deyil, mahnılarınla sevir. Mahnın sevilirsə, konsertin də olacaq, albomun da satılacaq.