SOCAR-ın zavodunda yeni qurğunun inşasının yekunlaşacağı vaxt açıqlanıb


İqtisadiyyat 13 Fev 2020 12:47:42 165 0

SOCAR-ın zavodunda yeni qurğunun inşasının yekunlaşacağı vaxt açıqlanıb

​SOCAR-ın zavodunda yeni qurğunun inşasının yekunlaşacağı vaxt açıqlanıb

© Report / Firi Salim

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda Yeni Buxar Turbogenerator qurğusunun inşasının bu ilin III rübündə yekunlaşması planlaşdırılır.

"Report"un məlumatına görə, bunu Etilen-polietilen zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işləri ilə tanışlıq məqsədi ilə təşkil olunan press-turda zavodun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev bildirib.

O qeyd edib ki,qurğunun inşasının məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin effektivliyini və istehsal gücünü artırmaqdır: “Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın UNİPER şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsini yaradıb. Hazırki Buxar Generator Kompleksinin layihə gücünün 32 Mvt/s-dən (faktiki 13 Mvt/s) 65 Mvt/s-ə gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur”.

Onun sözlərinə görə, layihə başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam təmin olunacaq istehsal edilən qalan 35 Mvt/s elektrik enerjisinin şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər istehlakçılarına ötürməyə imkan yaranacaq.

O həmçinin bildirib ki, SOCAR-ın beynəlxalq təcrübəsindən Azərbaycanda yararlanmaq məqsədi ilə “Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkət sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi-“Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. “SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodlarının əməkdaşları arasında müasir bilik və təcrübə mübadiləsi aparılacaq. “Azərikimya” İB-nin bir qrup gənc mühəndis yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmək məqsədilə bu ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün mərhələli şəkildə “Petkim Petrokimya Holding A.Ş.”yə ezam olunurlar”.

Q. Əliyev bildirib ki, Etilen-polietilen zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işləri layihəsinə

orta hesabla 2000-dən çox işçi cəlb olunub, onların 94%-i yerli mütəxəssislərdir.

Qeyd edək ki, “Azərikimya İB”nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğu inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə olunan xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin mühüm birləşdirici həlqəsini təşkil edir. Layihə nəticəsində zavodun istismar müddəti ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək