Muğamların mahir ifaçısı


Kriminal 12 Fev 2020 21:05:00 172 0

Muğamların mahir ifaçısı

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 109 il ötür

Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.

Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meyilini görüb deyərdi: "Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı". Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.

Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESKO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

Bəhram Mansurov 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib.

Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.