Fələyin seçki küləyi


Digərləri 12 Fev 2020 19:11:00 154 0

Fələyin seçki küləyi

Yunus Oğuz

Felyeton

Uşaqlıqda sevdiyimiz şeirlər çox olub. Özü də bu şeirlər yalnız erkək uşaqlar arasında söylənilərdi. Ata, ana, bacı-qız yanında belə şeirlər deyilməz, ümumiyyətlə  açıq danışılmazdı. O zamanlar qorxu vardı, hürkü vardı. Böyüklərin yanında susmaq vardı. Elə hesab edərdik ki, belə şeirləri böyüklər eşitmiş  olsalar hər tikəmizi qulağımız boyda edərlər. İndi hər şey urvatdan düşüb. Bu şeirlərdən biri də belə idi:

Ey fələk!

Eylə külək...

Bu seçkini (burada improvizə özümündür, yəni sözləri dəyişmişəm)

Bir də görək.

Bu günlər  ölkədə seçki küləyi əsdi getdi, ancaq ürəklərə od saldı getdi.

Bu fələyin seçki küləyi nəmənə şeydirsə, hamını yerindən oynatdı, elindən, obasından etdi. Varlanan varlandı, müflisləşən lap pis günə düşdü.  Yerindən duran dedi ki, mən deputatxanaya düşmək istəyirəm, millətin vəkili olmaq yox ha... Bir həvəsə düşdülər ki, pah atonnan, gəl görəsən. Dünən yazıq-yazıq boynunu büküb, səni görəndə şax duranlar, seçki gününə qədər adam tanımadılar, böyük bilmədilər, kiçik demədilər. Nə təhər qazlanmışdılarsa, safari (yəni dərə-təpə) yolda olmayan maşınlarının sürətini 180-nə qaldırmışdılar. Nə veclərinə? Daha gözlərinə yol polisi qorxusu görünmürdü. Bildirçinin bəyliyi kimi özlərini ağa kimi aparırdılar. Elə bil gündəlik adamlar bunlar deyildilər. Dozalarını sanki artırmışdılar. Bunlara nə təhər seçki dozası vurmuşdularsa yerə-göyə sığmırdılar, "qan-qan" deyirdilər. Bir yerə on, on beş, hətta iyirmi namizəd olsa da, hamısı xəyalən cibində deputatxana mandatı gəzdirirdi. Həə... bir-iki gün  əvvəl  duza gedənlər ləhləyə-ləhləyə duzdan qayıdırlar, hamısı da deyir ki, qalib mənəm, seçki saxtalaşdırılıb, hətta qalibin biri deyib ki, mənə artıq səs verdiklərinə görə MSK-nı məhkəməyə verəcəm. Burda deyiblər e, sən saydığını say, gör fələk (burda fələk yerinə seçki komissiyası yazmaq yerinə düşər)  nə sayır.

Hə duzdan qayıtdınız? Fələyin seçki küləyini üzünüzdə, gözünüzdə hiss etdiniz? Di gedin! Sizdən öncə bələdiyyə seçkisi oldu, hər yerə də muxtar qoyuldu. Bəs nə bilmişdiniz? Heç muxtarlar sizə imkan verərmi o küləyin səmtini dəyişəsiniz? Burada fələk elə muxtarların özləri idi və küləyi də hara istədilər, ora da əsdirdilər.

A kişilər, belə seçki olar? O gün bir dairədən namizədlərin siyahısı əlimə düşüb. On namizəddən altısı işsizdi. Qaqa, işsizsən, get özünə iş tap da. Deputat iş yeri deyil, yana-yana, bəziləri üçün qışqıra-qışqıra şişmək, genəlmək, onun- bunun üstünə yerimək yeridi. Bu işsizlərdən deputat olar,  sən canın? Sən öz gününə ağlayıb iş tapa bilmirsən, üstündən cin ürkən binəvaların halına necə yanacaqsan? Əgər əlinə girəvə düşəcəksə özünə topdağıtmaz şərait yaradacaqsan. Heç cin hürküdənlər vecinə də olmayacaq. Təklif edirəm ki, gələn seçkilərə qədər seçki qanununa əlavə etsinlər: "Kim işsizdir, namizədliyini verə bilməz". O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kef edəcək. Daha ondan şikayət olmayacaq, işsizlik haqqında sosial müavinətlər dayandırılacaq. Bə nə bilmişdiniz? Bəs deyirdiniz işsizliyin kökünü kəsmişik. Elə isə bunlar hardan çıxdı? Fələyin (muxtarın) seçki küləyini hər dəfə əsdirsəniz, pulsuz-parasız gör neçə yekə problemi həll edib qurtaracaqsınız. Xərclənməyən pulları da muxtarlardan bir neçəsi basıb yeməsə büdcəmiz taxıl torbası kimi dolu qalacaq. İşsizliyi belə həll etdik, indi keçək o biri məsələlərə.

Deməli seçki küləyi xalqı necə qızışdırıbsa, od olub hər tərəfi yandırmağa başlayıb. Vallah, nə təhər canfəşanlıq ediblərsə, adları internetdən düşmür. Bir müşahidəçi eləməyib tənbəllik gedib seçici siyahısını məntəqədən götürüb başlayıb ev-ev gəzməyə ki, görüm seçici yerindədi, ya yox. Hər şeyi dəqiqləşdirib. Ərinməyib ölənlərin qəbiristanlıqda şəkillərini də çəkib. Qayıdıb məntəqə müdirinin yanına. Təxminən belə dialoqları olub.

Müşahidəçi:

- Müəllim, bu seçici ölüb, sən burda bunu diri saxlamısan.

Məntəqə müdiri:

- Filankəs ölməyib.

- Dədəmin goru haqqı, ölüb.