Korporativ sektorda PR fəaliyyətin əhəmiyyəti və rolu


Digərləri 12 Fev 2020 16:16:00 132 0

Korporativ sektorda PR fəaliyyətin əhəmiyyəti və rolu

İctimaiyyətlə əlaqələr (Public Relations) və bu əlaqələrin sistemli şəkildə qurulması, inkişafı istər dövlət, istərsə də  korporativ sektorda (özəl sektor) çalışan qurumlar üçün vacib məsələlərdən biridir. Bəşəriyyətin hazırda dördüncü sənaye inqilabı və rəqəmsal transformasiya periodunda olması, dəyişikliklərin sürətinin hər ötən gün artması, yeni çağırışların yaranması fonunda PR fəaliyyət hər bir təşkilat üçün strateji əhəmiyyət kəsb edir.

PR və bu sahə ilə məşğul olan şəxslərin fəaliyyətinin mahiyyətini müəyyən edən ümumiyyətlə 500-dən çox yanaşma mövcuddur. Ümumi yanaşma bundan ibarətdir ki, PR fəaliyyətlə məğul olan insanlar cəmiyyəti, biznesi inandıran insanlardırlar. Yəni onlar təşkilat daxilində və xaricində biznesin, məhsulun uğurlu olduğu ideyasını, onun üstünlüklərini təbliğ edir, müxtəlif hədəf qruplarını, ümumilikdə isə cəmiyyəti inandırır və öz mövqelərinizi gücləndirirlər. Amerika İctimaiyyətlə Əlaqələr Cəmiyyəti PR-a belə bir tərif verib: İctimaiyyətlə əlaqələr təşkilat və cəmiyyət arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasına istiqamətlənən strateji kommunikasiya prosesidir.

Korporativ sektorda fəaliyyət göstərən müxtəlif bizneslərin formalaşması, inkişafında PR-ın rolu çox vacibdir. Çünki hər bir biznes ən başlıcası pozitiv imicə sahib olmalıdır, cəmiyyət, hədəf auditoriyası, çalışdığı sektordakı qurumlar onu tanımalıdır. PR fəaliyyətin də elə başlıca istiqaməti müsbət imicin qurulması, saxlanılması, daha da inkişafı, kommunikasiyanın dərinləşməsi, mümkün böhran vəziyyətlərinin qarşısının alınması və idarə edilməsidir.

Biznes strukturun ictimaiyyətlə əlaqələrinin uğurlu şəkildə təşkili, müsbət imicinin formalaşması üçün PR strategiya formalaşdırılmalı, bu strategiya biznes strukturun fəaliyyətindən irəli gəlməlidir. Bu PR strategiya əsasında isə Yol Xəritəsi çəkilməlidir, ki, hansı addımlar hansı zamanda və ardıcıllıqla atılacaq. Burada PR mütəxəssis biznes strukturun daxilində digər şöbələrlə, rəhbərliklə, satış, marketinq, hüquq departamenti, texniki departament və digərləri ilə sıx əlaqəli və koordinasiya olumuş şəkildə çalışmalı, bu iş komanda işi olmalıdır.

Öz müsbət imicini qurmaq, onu daha da inkişaf etdirmək, ictimaiyyətlə əlaqələri formalaşdırmaq istəyən hər bir biznes strukuruna PR üzrə mütəxəssisin dəstəyi vacibdir və şirkətin bütün inkişaf mərhələlərində PR fəaliyyət ayrılmaz hissə olmalıdır.

Xüsusilə ölkə daxili ilə yanaşı xaricdə də müxtəlif iri layihələr icra edən biznes qurumları öz imiclərinə diqqət yetirməli, həssaslıqla yanaşmalı və peşəkar PR fəaliyyət aparmalıdırlar. Çünki xarici tərəfdaşlar, xüsusilə maliyyə institutları elə ən birinci imic məsələsinə diqqət göstərirlər.

PR fəaliyyət təkcə media ilə kommunikasiyadan ibarət deyil

Dördüncü sənaye inqilabı dövründə bizneslər də dəyişikliyə məruz qalır. Bir sıra ənənəvi bizneslər sıradan çıxır, biznes rəqəmsal platformaya keçir. Belə bir dövrdə PR sahəsində də yeni alətlərin tətbiqi, yeni yanaşmalara ehtiyyac var.

Hazırda PR fəaliyyətdə çoxkanallı kommunikasiyadan istifadə olunur, fərqli rəqəmsal alətlər daha çox önə çıxır, ənənəvi kommunikasiya metodlarının tətbiqi azalır. Amma onu da qeyd etmək lazımdır ki, güclü düşünmə qabiliyyəti olan, dərin təhlilə meylli cəmiyyətlərdə ənənəvi kommunikasiya - ənənəvi media hələ də güclü təsir imkanlarını saxlayır və PR fəaliyyətdə əsas alətlərdən biridir. Bu mənada ənənəvi media ilə iş hər zaman aktual qalmalıdır.

Lakin PR fəaliyyətdə təkcə media ilə iş kifayət etmir. Media ilə iş, jurnalistlərlə görüşlər, xüsusilə də press-relizlərin yazılması və yayılması sadəcə bir istiqamətdir. Çünki press-relizlərin mediada verilməsi hələ imic qurmaq demək deyildir.

Biznesin cəmiyyətə töhfə verdiyini göstərmək üçün korporativ sosial məsuliyyət istiqamətinə xüsusi diqqət göstərilməlidir. Hər bir biznesin cəmiyyət qarşısında bir sosial məsuliyyəti də olmalıdır.

Cəmiyyətdə rəy yaradan şəxslərlə - influencerlərlə də iş vacibdir. Bu müsbət imicin formalaşmasına təsir göstərir. Bir qayda olaraq insanlar ekspertlərə, cəmiyyətdə rəy sahiblərinə daha çox etibar edir və onların fikirlərini dinləyirlər.