Finlandiya hökuməti ölkə vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq edib


Dünya 29 Yan 2020 22:03:00 99 0

Finlandiya hökuməti ölkə vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq edib

Finlandiyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Çinə səfər edərkən koronavirusa yoluxmamalarından ötrü onlar üçün tövsiyələrini yayıb.

Son.az bildirir ki, AZƏRTAC bu barədə Finlandiya XİN-in press-relizinə istinadla xəbər verir. Sənəddə deyilir ki, Çinin Uxan şəhərində yeni koronavirus ocağının yaranması hazırda azı 80 insanın ölməsi ilə nəticələnib, daha 3000 adama virusa yoluxma diaqnozu qoyulub.

Sənəddə bildirilir ki, Çində virusun yayılmasını dayandırmaq üçün sərt tədbirlərin görülməsinə baxmayaraq, virus ölkənin başqa şəhərlərinə də yayılıb.

Finlandiya hökuməti bildirir ki, o, riskləri qiymətləndirmək üçün vəziyyətə diqqətlə nəzarət edir. Finlandiya Səhiyyə və Sosial Təminat İnstitutu, habelə Dünya Səhiyyə Təşkilatı konkret tövsiyələr verir.

Tövsiyələrdə deyilir: "Əgər Çindəsinizsə, sizə insanların çox toplaşdığı yerlərdən uzaq olmağı, əl tutub görüşməməyi tövsiyə edirik. Siz virusa yoluxmamaq və ya başqalarının yoluxmasına yol verməmək üçün maska taxa bilərsiniz. Əsas məsələ isə əllərinizi tez-tez və səylə yumaqdır". İnsanlara heyvanlarla təmasda olmamaq, diri və kəsilmiş heyvanlar satılan bazarlara getməmək, çiy və pis bişirilmiş ət, pasterizə edilməmiş süd məhsulları, yuyulmamış meyvə-tərəvəz yeməmək tövsiyə olunur.