"İlhamə və Flora Kərimova arasında yaşanan qalmaqal..."


Şou-biznes 29 Yan 2020 19:14:00 143 0

"İlhamə və Flora Kərimova arasında yaşanan qalmaqal..."

Xalq artisti, cazmen Cavan Zeynallı "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, sənətkar ondan niyə tez-tez efirlərə çıxmadığını soruşuanlara cavab verib.

"Məni küçədə, bayırda görənlərdə bu sualı vermək bir növ adət halına çevrilib. Soruşurlar, Cavan müəllim, çoxdandı niyə efirlərdə yoxsunuz? Deyirəm, mən demək olar ki, hər gün efirlərə çıxıram, sadəcə, siz baxmırsınız. Yəqin istəyirlər ki, səhər 8-dən, gecə 12-yə qədər efirdə olum. Ancaq bu da mümkün deyil. Bilirsiniz, nə qədər sevilsəniz də, hər gün efirə çıxsanız, vallah, izləyiciləri bezdirərsiniz. Hələ o vaxt bunu mənə dahi sənətkarımız Rəşid Behbudov deyib. "Cavan, sən hərdən başlayırsan efirlərdə görünməyə, amma çıxma. Televiziya elə şeydi ki, 5 -10 gün baxacaqlar, axırda deyəcəklər ki, bu, bezdirdi bizi, nə vaxt baxırsan efirdədi". Bu sözləri mən illər keçsə də, hər zaman xatırlayıram. Baxmayaraq ki, səni xalq sevir, bundan sui-istifadə etmək olmaz. Sizə bir şey danışım, elə dünən verilişlərin birində çəkilişdə idim. Formata görə, mən müsahibəni metroda verməli idim. Bu, mənə qəribə gəldi. Mən sənətkaram, sakit bir şəraitdə danışmağa öyrəşmişəm. Ancaq yenə də getdim, yeni layihədi, yoxladım. İnsan, əsasən də sənətkar daima yeniliklərə açıq olmalıdır". 

Cavan Zeynallı bir müddət əvvəl geniş müzakirələrə səbəb olan sənətkarların metroya minməsi mövzusuna da toxunub.

"Bəziləri deyir Xalq artisti metroya minməz. Mən bu fikirlə heç razı deyiləm. Mənim avtomobilim də var, lakin hazırda bu tıxaclara görə heç istifadə etmirəm. Hər yerə metro ilə gedirəm. Metro indiki zamanda ən rahat nəqliyyat növüdür. Rahat  gedirəm və istədiyim yerə də vaxtında çatıram. Düzdür, diqqət mərkəzində olmaq məni sıxır. Gizlətməyim, arada lazımsız suallar verən sərnişinlər də olur. Mənə deyirlər "Cavan müəlim, siz Xalq artistisiz, yəni sizin avtomobiliniz yoxdur ki, avtobusda, metroda gəzirsiz?" Belə suallar mənim qəlbimə toxunur",- deyə o, bildirib.

Xalq artisti hazırda estradamızda olan problemlərə də toxunub. O, bildirib ki, əsl müğənni hər bir janrda ifa etməyi bacarmalıdır.

"Hazırda istedadlı müğənnilər var. Düzdür azdır, ancaq var. Bilirsiniz, bəziləri efirlərə istedadını göstərmək üçün deyil, tez bir zamanda məşhurlaşmağa çıxırlar. Bu zaman da bayağı musiqilər meydana çıxır. Bir müddət keçəndən sonra da deyirlər, mən nömrə birəm. Axı, oxumaq bu deyil. Müğənni gərək hər tərəfli istedadlı olsun, mütləq bəstəkar mahnıları ifa etməlidirlər, daha sonra caz, blyuz, xarici estrada bunları da bilməlidirlər. Bizim dövrümüzdə belə insanlara ifaçı deyirdilər. Biz o zaman bütün janrlarda oxuyurduq. Sadəcə, mənim səsim müğama oturmurdu. O xanəndələrə verilən Allah vergisidir",- deyə Xalq artisti vurğulayıb.

"Vallah, indiki toy müğənnilərinin çoxu çıxıb efirlərdə deyirlər, toyda ifa etmək üçün mənə 10-20 min verirlər. Çoxu da yalan deyir. Mən onların içində olmuşam. Cavan vaxtı toylarda da iştirak etmişəm, bunların hamısını bilirəm. Lap elə getdin toya, avtomobil, ev, bağ aldın? Sonra nə olacaq? Sənət olaraq ortaya nə qoyacaqsan? Rəşid Behbudovu bir dəfə toya dəvət ediblər ki, gəlib yarım saat toyda sadəcə otursun. Bunun müqabilində də ona 500 rubl qonarar vəd ediblər. O, zaman üçün bu böyük məbləğ idi. Ancaq o, qəti surətdə bu təklifdən imtina edib",- bu sözləri cazmen müğənnilərin toy qiymətindən danışarkən deyib.