SOCAR-ın prezidenti "Maire Tecnimont" şirkətlər qrupunun rəhbərini qəbul edib (FOTO)


Digərləri 29 Yan 2020 12:39:55 119 0

SOCAR-ın prezidenti "Maire Tecnimont" şirkətlər qrupunun rəhbərini qəbul edib (FOTO)

Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir

Bakı. Yanvarın 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Maire Tecnimont şirkətlər qrupunun sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend bildirir ki, görüşdə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və “SOCAR Polymer” layihələri haqqında fikir mübadiləsi aparılıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində Maire Tecnimont şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir. Modernizasiyanın bu hissəsi üzrə ilkin iş həcminin artıq 63 faizi yekunlaşıb. Şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Bildirilib ki, hazırda "Maire Tecnimont"un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir. Qeyd olunub ki, SOCAR rəhbərliyi, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyasının ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış “SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə və optimallaşdırlmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə STAR Neft Emalı Zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək, “SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernizasiyasında podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar. Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də modernizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur.