Gürcüstanda azərbaycanlı ustad aşığın 60 illik yubileyi qeyd olunub - FOTO


Dünya 28 Yan 2020 23:56:12 145 0

Gürcüstanda azərbaycanlı ustad aşığın 60 illik yubileyi qeyd olunub - FOTO

​Gürcüstanda azərbaycanlı ustad aşığın 60 illik yubileyi qeyd olunub

Gürcüstanın Marneuli rayonunda ustad aşıq Bafəli Adıgözəlovun 60 illik yubileyi qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Çay Evində təşkil olunan mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Mahir Dərziyev, aşıqlar və ziyalılar iştirak ediblər.

Professor Mahmud Kamaloğlu tədbir iştirakçılarına Gürcüstanda aşıq sənətinin tarixindən və B.Adıgözəlovun yaradıcılığı barədə məlumat verib.

Bildirilib ki, B.Adıgözəlov saz ifa etməklə yanaşı, sazbəndlik sənətini də mənimsəyib. O, 1990-cı ildən Gürcüstanda sazbəndlikdə yeganə sənətkardır. Aşıq həmçinin Gürcüstanda mahir zurnaçı və meh ifaçısı kimi də tanınır.

Azərbaycan səfiri ustad aşığı 60 illiyi münasibətilə təbrik edərək ona uzun ömür arzulayıb. D.Həsənov B.Adıgözəlovun Gürcüstanda aşıq sənətinin qorunub saxlanılmasındakı xidmətlərinə görə təşəkkürünü bildirib: “Gürcüstanda aşıq sənətinin inkişafı və təbliğində Bafəli Adıgözəlovun çox böyük əməyi olub. Bu gün o, Gürcüstanda yaşayan aşıqların ən gözəl nümayəndələrindən biridir”.

Diplomat çıxışında aşıq sənətinin Azərbaycanın milli sərvəti olduğunu deyib. O, Azərbaycanda Prezident İlham Əliyev və Birinci vitse-prezidentMehriban Əliyevanın aşıq və söz sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi sahəsində gördükləri böyük işlərdən danışıb.

R.Hacıyev çıxışında saz alətinin Gürcüstan azərbaycanlıları arasında çox müqəddəs olduğunu deyib: “Saz bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Sazı itirsək, biz öz gələcəyimizi itirmiş olarıq”.

Yubiley tədbirində Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrini təmsi edən aşıqlar iştirak ediblər. Onlar Gürcüstanda aşıq və sazbəndlik sənətinin yaşadılması, inkişaf etdirilməsi, aşıqların qurultayının keçirilməsi və digər təkliflər irəli sürüblər.

Mərasim aşıq ifaları ilə davam etdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək