Jurnalisti robot əvəz edə bilərmi?


Digərləri 28 Yan 2020 21:20:00 114 0

Jurnalisti robot əvəz edə bilərmi?

Texnologiyanın ən mühüm və inkişafda olan sahələrindən biri süni intellektdir. Bu gün böyük şirkətlər uğurlarına görə süni intellektə borcludur. Bəzi mütəxəssislər bir çox işlərdə robotların insanları əvəz etməsini çox yaxşı qarşılayırlar. Digərləri isə bunu faciə adlandırır. Robotlar, maşınlar bir çox prosesləri insandan daha sürətlə avtomatik yerinə yetirə bilir.

Bildiyimiz kimi, bu gün bir çox sahələrdə süni intellektdən istifadə olunur. Qeyd etmək lazımdır ki, yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankında vətəndaşlara xidmət göstərməsi üçün xüsusi robot İŞ FƏALİYYƏTİNƏ başlayıb. Biz isə qayıdaq öz mövzumuza - jurnalistika və jurnalistlərə.

Bir neçə gün öncə Belarusda ilk dəfə insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə və cavablar əsasında nəşrlər üçün mətn hazırlaya biləcək süni intellekt sınaqdan keçirildi. Neyron şəbəkəsinin fikir liderləri ilə "danışması", hətta yerli nəşrlərdən birində jurnalist kimi fəaliyyət göstərməsi planlaşdırılıb.

Maraqlıdır, yaxın gələcəkdə jurnalistikanı süni intellekt idarə edə bilərmi?

Son.az ted.az-a istinadən jurnalistlər arasında kiçik sorğu keçirilib.

"Robotların qərar qəbul etmə məqamlarında iştirakı real deyil".

Bakı Dövlət Universitetinin professoru, tanınmış teletənqidçi Qulu Məhərrəmli: "Əlbəttə, texnologiya jurnalistikanın inkişafına ciddi təsir edir, iş prosesini xüsusi ilə məlumatın işlənməsini və yayılmasını xeyli asanlaşdırır. Amma bu sahədə robotların tətbiqi bir az mübahisəlidir. Məsələn, texniki proseslərin icrasında robotlardan istifadəsi mümkündür, lakin onların yaradıcı işdə istifadəsi, xüsusən qərar qəbul etmə məqamlarında iştirakı real deyil".

"Bəzi jurnalistlərdən robotlar daha yaxşıdır".

Jurnalist-ekspert Seymur Verdizadə: "Elə jurnalistlər var ki, onların robotlardan heç bir fərqi yoxdur. Baş redaktorlar qulaqlarına hansı sualları pıçıldayırsa, müsahiblərinə onları verirlər. Müsahiblə "söz döyüşdürməyə" nə intellekti çatır, nə də cəsarəti. Belə jurnalistdənsə, robotlar daha yaxşıdır. Buna rəğmən mən robortların jurnalistləri əvəz edə biləcəyini inandırıcı saymıram. Müsahibədən jurnalist qoxusu gəlməlidir".

"Robotlaşmış jurnalistika ictimaiyyətə keyfiyyətli, dolğun, bol informasiya ötürə bilməz".