Tehran Apellyasiya məhkəməsi iki güneyli fəala 12 il yarım həbs cəzası verib


Dünya 28 Yan 2020 21:26:00 140 0

Tehran Apellyasiya məhkəməsi iki güneyli fəala 12 il yarım həbs cəzası verib

Daha əvvəl birinci məhkəmə qərarı ilə cəmi 14 il həbs cəzasına məhkum edilən iki güneyli fəal apellyasiya məhkəməsi tərəfindən 12 il yarım müddətinə azadlıqdan məhrum edilib. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Kiyanuş Aslaniyə 9 il və Tohid Əmir Əminiyə isə 5 il həbs hökmü vermişdi. Bununla yanaşı, Kiyabuş Aslaninin bütün ictimai fəaliyyətinə ikiillik qadağa qoyulmuşdu.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, onlar ötən il fevralın 21-də Dünya Ana Dili Gününü qeyd etməklə bağlı fəalliyyətlərdən ötrü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər. Tohid Əmir Əmini və Kiyanuş Aslani "Milli təhlükəsizliyi pozmağa çalışmaq" və "rejimə qarşı təbliğat aparmaq" ittihamları ilə mühakimə olaraq, Tehran İnqilab Məhkəməsi tərəfindən iki fəala cəmi 14 il həbs cəzası çıxarılmışdı.

Apellyasiya məhkəməsinin verdiyi hökmə görə, Tohid Əmir Əmini 7 il 6 ay və Kiyanuş Aslani 5 il müddətinə cəmi 14 il azadlıqdan məhrum edilib. Həmçinin Kiyanuş ikiillik siyasi qrup və təşkilatlara üzv olmaqdan məhrum edilib.

Bundan əvvəl Tohid Əmir Əmini, Ərdəbildə dörd milli fəal ilə birlikdə Ərdəbil və Hormozgan Bələdiyyəsi futbol komandalarının matçında Abbas Lisaninin sərbəst buraxılmasını tələb edən plakat nümayişinin ardından təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq 6 ay həbs və qamçı əzasına məhkum edilmişdi.